Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu ikinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, Sənəd haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O həmçinin, ötən müzakirələr zamanı deputatların səsləndirdiyi təkliflərə də münasibət bildirib. Komitə sədri qeyd edib ki, bu sənəd Azərbaycanda siyasi islahatların tərkib hissəsidir.
Qeyd edək ki, qanun layihəsi 12 maddədən ibarətdir. Keçmiş prezident adının kimlərə şamil olunması ilə bağlı maddəyə əsasən "keçmiş prezident" Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur. Layihədə keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib. Öhdədə olan uşaq dedikdə vəfat etmiş prezidentin 18 yaşına çatmamış və onun öhdəsində olan uşaq, o cümlədən övladlığa götürülmüş uşaq və ya ögey uşağı nəzərdə tutulur.
Layihəyə əsasən, keçmiş prezidentin pensiyası prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 50 faizinə bərabər tutulur. Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında vəzifəsindən uzaqlaşdırılmış prezident bu qanunda nəzərdə tutulmuş pensiyanı almaq hüququna malik deyil.
Deputatların təklifi əsasında Konstitusiya qanunu ikinci və üçüncü oxunuşda qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB