\"Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında\" qanun qəbul edilib - YENİLƏNİB

\"Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında\" qanun qəbul edilib - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən iclasında \"Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında\" Konstitusiya Qanunu üçüncü oxunuşda da müzakirəyə çıxarılaraq qəbul edilib.

SİA-nın məlumatına görə, qanunun ikinci oxunuşun qəbulu zamanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun Azərbaycan müstəqillik qazandıqdan sonra prezident olmuş bütün şəxslərə şamil olunur. Hüseynli həmçinin bildirib ki, Milli Məclisin ötən iclasındakı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilib: "Deputatlar bu qanunun təsir dairəsinin daha da genişləndirilməsi ilə bağlı bir sıra təkliflər ediblər. Xüsusilə keçmiş prezidentə prezidentin aylıq maaşının 80 faizinin verilməsi təklif olunub. Qeyd edim ki, keçmiş prezidentin pensiya məbləği fəaliyyətdə olan prezidentin aylıq əmək haqqının 50 faizini təşkil edəcək və bu kifayət qədər məbləğdir. Çünki fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşı təxminən 7500-8000 manat təşkil edir, həmçinin 20 faiz də təmsilçilik xərcləri ayrılır və bu, qanunvericiliyə görə kifayət edəcək məbləğdir\".

Deputat Tahir Rzayev çıxışı zamanı ulu öndər Heydər Əliyevdən başqa, digər keçmiş iki prezidentin heç birinin öz andlarını yerinə yetirmədiyinə diqqət çəkib: "Lakin buna baxmayaraq Milli Məclis humanist mövqedən çıxış edərək bu qanun layihəsini qəbul edir. Ayaz Mütəllibovun barəsində Azərbaycanda cinayət işi qaldırılıb. Onunun qəbulu imkan verəcək ki, onun üzərindən cinayət işi qaldırılısın. Ona görə, Ayaz Mütəllibov özündə bir cəsarət tapıb xocalılardan, Azərbaycan xalqından üzr istəməlidir".

Millət vəkili İqbal Ağazadə çıxışında yeni qanun layihəsinin cəmiyyətə barış gətirəcəyini qeyd edib. Bununla yanaşı, deputat akademik Rafiq Əliyevin Dövlət Neft Akademiyasında işdən azad olunmasına etiraz olaraq bildirib ki, siyasi mövqeyinə görə, heç bir ziyalının üzərinə gedilməməlidir. Milli Məclis rəhbərliyi bununla bağlı Neft Akademiyasının rektoruna müraciət etməlidir".

Deputat Aydın Mirzəzadə qanun layihəsinin beynəlxalq tələblərə cavab verdiyini və qanun hazırlanarkən dünya təcrübəsi nəzərə alındığını deyib.

Qüdrət Həsənquliyev isə çıxışında qanunun keçmiş prezident Ayaz Mütəllibova şamil olunmasının bir sıra problemlər yaradacağını vurğulayıb: "Ayaz Mütəllibova qarşı irəli sürülmüş ittihamlar prezident səlahiyyətləri başa çatandan sonra törətdiyi əməllərə görədir. O, ağır və xüsusilə ağır və dövləti cinayətlərdə ittiham olunur".

Deputat Jalə Əliyeva isə qanunun qəbul edilməsini humanitar bir addım kimi dəyərləndirilib: "Bu, yeni bir yanaşmadır, yeni bir ənənənin başlanğıcıdır. Birmənalı olaraq qəbul edilməlidir. Biz tarix yaratmırıq, tarix artıq yazılıb. Tarixi həqiqətləri dəyişmək olmaz. Bu ölkəni bəlalardan, xaosdan, anarxiyadan xilas edən yeganə bir rəhbər olub. O da ulu öndər Heydər Əliyevdir. Azərbaycanda sabiq prezident Heydər Əliyev haqqında ayrıca qanun hazırlanmalıdır. Mən də daxil olmaqla bir qrup deputat belə bir qanun layihəsi üzərində işləyirik. Bu məsələ ətrafında ictimai müzakirələr aparılmalıdır. Belə bir qanunun qəbulu tarixi zərurətdir".

Deputat Fazil Mustafa sözügedən qanun layihəsini demokratik və vacib hesab edib. Millət vəkili deyib ki, bu ölkədə siyasi dialoqa imkan yaradır. O, bəzi deputatların A. Mütəllibovun Azərbaycan xalqından üzr istəməsi barədə çağırışlarına da münasibət bildirib: "Onda gərək dövlət başçısı və biz deputatlar hər gün səhər xalqdan üzr istəyək ki, Qarabağı geri ala bilmirik".

Deputat Zahid Oruc qeyd edib ki, A. Mütəllibov bu qanundan istifadə edərək beynəlxalq iddia qaldıracağını və Azərbaycandan təzminat tələb edə biləcəyinə diqqət çəkərək qanunun əleyhinə səs verəcəyini deyib.

Müzakirələrdən sonra qanun üçüncü oxunuşda səsvermədən keçib.

Xatırladaq ki, Milli Məclisin oktyabrın 25-də keçirilən iclasında qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Daha sonra "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə" (ikinci səsvermə), "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi haqqında, "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanun layihələri müzakirələrdən sonra təsdiqlənib

Bütün xəbərlər Facebook səhifəmizdə