Rusiyanın Azərbaycandakı səfiri Samux rayonunda olub

Rusiyanın Azərbaycandakı səfiri Samux rayonunda olub

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin noyabrın 14-də Samux rayonuna səfər edib. SİA-nın xəbərinə görə, Rayon icra hakimiyyətində keçirilən görüşdə icra başçısı Vilyam Hacıyev səfirə rayonun mədəniyyəti, tarixi və eləcə də iqtisadiyyatı haqqında ətraflı məlumat verib. Səfir Vladimir Doroxin gündən-günə genişlənən Rusiya-Azərbaycan mədəni və iqtisadi əlaqələrinin inkişafında bölgələrin rolundan danışıb. Sonra səfir rayonda yaşayan rus icmasının nümayəndələri ilə görüşüb, 1 nömrəli orta məktəbdə rus bölməsinin açıq dərslərində iştirak edib və 4 nömrəli uşaq bağçasında olub. Səfər çərçivəsində rusiyalı diplomat rayonda fəaliyyət göstərən bir neçə istehsal müəssisəsində işgüzar söhbətlər aparıb. Birgünlük səfərindən aldığı təəssüratlarla bağlı kütləvi informasiya vasitələrinə açıqlama verən V.Doroxin deyib ki, Azərbaycanda fəaliyyətə başladığı dövrdə bir neçə dəfə bölgələrə səfər edib və Bakı ilə yanaşı, regionlarda da sürətli inkişafın şahidi olub. Samux rayonuna səfəri zamanı ətraflı məlumat topladığını söyləyən səfir burada fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə