Rauf Zeyni: “İrana qarşı hərbi əməliyyatlar regionda ekoloji, iqtisadi, sosioloji gərginlik yarada bilər” - MÜSAHİBƏ

Rauf Zeyni: “İrana qarşı hərbi əməliyyatlar regionda ekoloji, iqtisadi, sosioloji gərginlik yarada bilər” - MÜSAHİBƏ

Milli QHT Forumunun prezidenti Rauf Zeyninin Səs TV-yə müsahibəsi:

- Rauf müəllim, İrana qarşı hərbi əməliyyat başlayarsa bu, regionda hər hansı ekoloji və demoqrafik gərginlik yarada bilər?

- İranla İsrail arasında davam edən gərginlik, ABŞ və digər Qərb dövlətlərinin İsrailə dəstəyi, Beynəlxalq Atom Enerjisi Təşkilatının(MAQATE) İranla bağlı yaydığı hesabat deməyə əsas verir ki, bu ölkənin vurulacağı haqda yayılan xəbərlər reallaşa bilər. Təbii ki, İran sadə bir ölkə deyil. Strateji, iqtisadi, hərbi, ideoloji potensialı nəzərə alsaq demək olar ki, İran bölgədə güclü dövlətlərdən biridir. Buna baxmayaraq bu ölkənin zəif tərəfləri kifayət qədərdir. İranın vurulmasını istəyən qüvvələr daha çox MAQATE-nin hesabatını əsas gətirərək bildirirlər ki, İran atom istehsalını dinc məqsədlərlə deyil, hərbi məqsədlər üçün nəzərdə tutur. Hətta Fransa prezidenti Nikola Sarkozi bir müddət əvvəl çıxışlarının birində bəyan edib ki, Qərbin növbəti hədəfi İrandır. Bu məsələləri təhlil etsək, görərik ki, bir ölkə sistemli şəkildə hədəfə alınırsa, demək, burada hər hansı bir səbəb olmasa belə süni olaraq bəhanə yaradılır. İrana qarşı da MAQATE vasitəsilə səsləndirilən ittihamlar şərti məsələlərdir. Bu illərlə hazırlanmış, düşünülmüş planlardır. Qərb "ağalarının" planına uyğun olaraq hər hansı bir hərbi əməliyyatlar keçirilərsə bu, regionda ekoloji, iqtisadi, sosioloji gərginlik yarada bilər. Hərbi təcavüzə məruz qalan bir ölkə olaraq Azərbaycan heç bir ölkənin, xüsusilə qonşuluğunda olan İranın vurulmasının tərəfdarı deyil. Çünki bunun bizim ölkəmizə müəyyən təsirləri olacaq və müharibənin dalğası sözsüz ki, Azərbaycana gəlib çatacaq. Yalnız biz hər bir ölkənin beynəlxalq öhdəlikləri yetirməsinin tərəfdarıyıq.

- Qərb dövlətləri doğurdanmı İranda demokratiyanı bərqərar etmək istəyir və yaxud MAQATE-ni hesabatı nə dərəcədə reallığı əks etdirir? Ümumiyyətlə, ABŞ başda olmaqla Qərbin əsl məqsədi, istəyi nədir?

- ABŞ dünyada hər zaman demokratiyanın carçısı, qarantı qismində çıxış edir. Yalnız bu bir çox məqamlarda uğursuzluqla nəticələnib. Yəni hər hansı bir ölkəyə sifarişlə demokratiya gətirmək mümkün deyil. Bu elə bir prosesdir ki, ölkənin daxilində baş verən hadisələr demokratik cəmiyyətin yaranmasına zəmin yaratmalıdır. Qərb ölkələrinin İranla bağlı öz maraqları var. ABŞ və Rusiya prezidentləri bəyan ediblər ki, bütün vasitələrdən istifadə edərək İranı beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur etmək lazımdır. ABŞ-ın müdafiə naziri isə beynəlxalq öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə İranın Əfqanıstana çevriləcəyi kimi təhdidlər səsləndirib. Bu da onu deməyə əsas verir ki, İran deyilənlərə əməl etməsə, çox təəssüf ki, Qərb bu ölkəni vurmaqdan vaz keçməyəcək.

- Molla rejiminin devrilməsi ilə dünya nə əldə edəcək və bunun Azərbaycana nə kimi təsiri olacaq?

- Bu gün əhalisinin 40 milyona yaxını bizim soydaşımız olan bir ölkənin taleyinə biganə qala bilmərik. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurula bilməz. Hamı dərk etməlidir ki, Qərb dövlətlərin hər hansı bir ölkəyə hərbi müdaxiləsi həmin xalqa, dövlətə demokratiya və ya xoşbəxtlik gətirməyib və bunda sonra bunu gözləmək də gülünc olardı. Doğrudur, İran da ona qarşı deyilən təhdidlərə səssiz qalmır. Ali dini liderləri başda olmaqla, rəsmilər hər fürsətdə bəyan edirlər ki, İran heç kimə boyun əyməyəcək, bu ölkə düşmənlərinin qəbiristanlığına çevriləcək. Hərçənd biz bu sözləri Əfqanıstana, eləcə də İraqa, Liviyaya edilən hərbi müdaxilələr zamanı eşitmişik. Amma hər hansı bir hücum olarsa, bundan daha çox sadə insanlar, xalq kütlələri böyük ziyan görəcək. Bu gün İranda mövcud rejimin devrilməsini istəyən kifayət qədər qüvvələr var, eyni zamanda onu dəstəkləyən güclər də mövcuddur. Ümumiyyətlə isə biz regionda sülhün, stabilliyin, dinc həyatın tərəfdarıyıq. İranda hər hansı bir hərbi əməliyyat keçirilərsə Azərbaycan yenidən bir qaçqın poliqonuna çevrilə bilər. Bu da ölkədə müəyyən gərginlik yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə