İçəri Şəhərin “ən fəalları” mükafatlandırıldı - FOTO

İçəri Şəhərin “ən fəalları” mükafatlandırıldı - FOTO

"Təmiz Şəhər" ASC oktyabr ayında İçəri Şəhərdə tullantıların çeşidlənməsi üzrə növbəti maarifləndirmə tədbirini həyata keçirib.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Ən fəal" adlanan müsabiqənin şərtlərinə görə tullantıları qida və qeyri-qida növləri üzrə çeşidləyərək İçəri Şəhər ərazisində yerləşən xüsusi konteynerlərə düzgün atan sakinlər və Qoruq ərazisində fəaliyyət göstərən təşkilatların nümayəndələri qalib hesab edilirdi. Müsabiqənin əsas məqsədi tullantıların üzvi və qeyri-üzvi növləri üzrə çeşidlənməsi haqqında əhalini məlumatlandırılmasını artırmaq və bu prosesdə onların fəal iştirakını təmin etmək idi.

Müsabiqənin sonunda 15 İçəri Şəhər sakini və təşkilat nümayəndəsi ətraf mühitin mühafizəsinə göstərdikləri qayğı və bu prosesdə fəal iştiraklarına görə "Təmiz Şəhər" ASC tərəfindən qalib seçilmiş və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçəri Şəhər ərazisində tullantıların çeşidlənməsi layihəsinə 2010-cu ilin fevral ayından etibarən başlanılmışdır. Bu layihə çərçivəsində "Təmiz Şəhər" ASC tərəfindən İçəri Şəhər ərazisində mütəmadi olaraq maarifləndirmə işləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə