Bu gün müxtəlif problemləri olan vətəndaşlar əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov tərəfindən qəbul edilib. SİA-nın xəbərinə görə, nazir bir qrup vətəndaşın müraciətlərini dinləyib və şikayətlərin nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən obyektiv araşdırılması ilə bağlı tapşırıqlarını verib. Qəbul zamanı bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələri ilə bağlı haqlı narazılıqlarının olduğu müəyyənləşib.
Qarabağ əlili olan Mehman İsmayılov adlı şikayətçi Prezident Administrasiyasına müraciət etdiyini deyib və mənzil, maşınla təminatı məsələsinin həll olunmasını istəyib. Nazir müvafiq şöbələrlə danışqdıqdan sonra məsələyə artıq aydınlıq gətirildiyini deyib. O bildirib ki, şikayəıtçinin maşın məsələsi artıq həll olunub və gələn həftə təqdim olunacaq. Mənzil məsələsi ilə qısa zamanda baxılaraq dövlətin müvafiq qurumları ilə birgə həll olunacaq.
Minayə Əsədova adlı şikayətçi isə II qrup olan əlil oğlu Ülvi Rəhimovun mənzil təminatı, normal təqaüdün verilməsi, maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müraciət edib. Nazir isə həmin ailənin ev növbəsində 58-ci yerdə olduğunu deyib və gələn il evlə təmin olunacaqlarına söz verib.
Şəki şəhərində qeydiyyatda olan I qrup əlil Saleh Əzizov isə kompyuter istəyi ilə F.Ələkbərovun qəbuluna gəlib. Sonra isə o, kirayədə qaldığını, 55 manat müavinət aldığını və bunların nəticəsində ona müəyyən köməkliklərin edilməsini istəyib. Şikayəti dinləyən nazir bu şikayətçinin bütün problemlərinin həll olunmasını tapşırıb.
Məmməd Hüseynov ürək cərrahiyyə əməliyyatının dövlət hesabına aparılması və Bilgəh kardioloji sanatoriyasında yerləşdirilməsini istəyib. Nazir F.Ələkbərov isə şikayətçiyə cavabında sanatoriya məsələsinin həll olunması və şikayətçinin qısa zaman ərzində orada yerləşdirilməsinə dair tapşırıqlarını verib. Ürəyində cərrahiyyə əməliyyatının aparılması ilə bağlı isə müvafiq işlərin görüləcəyini deyib.
Sevil Allahverdiyeva isə anadangəlmə xəstə olan qızına əlillik dərəcəsinin veilməsi ilə bağlı müraciət edib. Nazir bu uşağın himayəndə saxlanılmasını tapşırıb: "Bu uşağa cari və daimi tibbi xidmət verilsin.Yeni sosial xidmət haqqında qanuna uyğun olaraq qızın anasının müvafiq işlə təmin olunması da nəzarətə götürülsün. Bütün bu istqamətdə tədbirlər kompleks şəkildə həll olunsun".
Tədbirdə hər bir vətəndaş müraciətində qaldırılan məsələlərin uyğun və ədalətli həlli ilə bağlı müvafiq strukturlara göstəriş verib. Bundan əlavə, nazir vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol verən yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, hər hansı qanunsuzluq faktının aşkarlandığı halda bununla bağlı hüquq-mühafizə orqanlarına məlumatın verilməsi ilə bağlı tapşırıqlarını verdi. Yaxın günlərdən etibarən araşdırmalara başlanacaq.
Qeyd edək ki, şikayət və müraciətlərin qəbulu ilə keçən tədbir xoş sonluqla nəticələnib. Belə ki, sonda uzun zamandır avtomobil növbəsində olan şəxsə maşının açarları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB