Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Prezidenti Pal Şmitt Milli Məclisdə olub. SİA-nın xəbərinə görə, parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov qarşılayıb. Macarıstan Prezidenti əvvəlcə parlamentin iclas zallarına baxıb, burada deputatlar üçün yaradılmış şəraiti, tətbiq olunan müasir texnoloji sistemi yüksək qiymətləndirib. Prezident parlamentdəki Heydər Əliyev xatirə zalında da olub. Ali qonağa Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri, Milli Məclisin qəbul etdiyi mühüm hüquqi sənədlər barədə məlumat verilib. Macarıstan Prezidenti xatirə kitabına ürək sözlərini yazıb. Sonra Macarıstan dövlətinin başçısı Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşüb. O.Əsədov ölkələrimizin mövcud münasibətlərini yüksək qiymətləndirərək deyib ki, Azərbaycan-Macarıstan əlaqələrinin dərin kökləri vardır. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. İmzalanmış dövlətlərarası və hökumətlərarası sənədlər əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradır. Sədr münasibətlərin möhkəmlənməsində parlamentlərin, qanunverici orqanlardakı dostluq qruplarının xüsusi rolundan danışıb. Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən O.Əsədov demişdir ki, Ermənistan problemin həlli ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymur. Ümidvarıq ki, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli istiqamətində dost ölkələr səylərini artıracaqlar. Macarıstan Prezidenti Pal Şmitt Bakıya səfərindən məmnunluq ifadə edərək, Azərbaycan xalqını bir daha dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü və ötən müddətdə qazanılmış uğurlar münasibətilə təbrik edib. Prezident Pal Şmitt bildirib ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və gələn il ölkələrimizin diplomatik əlaqələrinin 20 ili tamam olacaqdır. Macarıstan dövlətinin başçısı münasibətlərimizin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB