Ali Məhkəmənin sədri: “Bir çox hallarda hakimlər qanun pozuntusuna yol verirlər”

Ali Məhkəmənin sədri: “Bir çox hallarda hakimlər qanun pozuntusuna yol verirlər”

Ali Məhkəmənin sədri Ramiz Rzayev Şirvan şəhərində zona müşavirəsi keçirib. SİA-nın Aran bürosunun məlumatına görə Ali Məhkəmənin sədri R. Rzayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, eyni zamanda hakimlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri qoyublar.

Regional Ədliyyə şöbəsinin inzibati binasında keçirilən müşavirəni giriş sözü ilə açan Ramiz Rzayev bildirib ki, prezident İlham Əliyevin qayğısı nəticəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi işində keyfiyyətcə yeni mərhələnin inkişafı göz önündədir. Uğurla həyata keçirilən məhkəmə, hüquq islahatları nəticəsində ədalətə və humanizmə söykənən qanunların qəbul edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi ön plana çəkilib. Ölkəmizdə ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.

Şirvan Apelyasiya Məhkəməsinin sədri Qürbət Əsgərov müşavirədə çıxış edərək ümumiləşdirmənin və məhkəmələrin fəaliyyətini təhlil edərək nəticəni hakimlərin diqqətinə çatdırıb.

Müşavirədən sonra Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında bildirib ki, ədalət mühakiməsinin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Təbii ki, bu qayğı müsbət nəticələr verir. Eyni zamanda məhkəmə təcrübəsini ümumiləşdirmişik. Bu illər ərzində həm vahid məhkəmə sisteminin yaranması, eyni zamanda ümumiləşdirmə təcrübəsi göstərir ki, bir çox hallarda hakimlər qanun pozuntusuna yol verirlər. Həmin ümumiləşdirmə hakimlərlə təhlil edilərək diqqətlərinə çatdırılacaq.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə