Bu günlərdə Lerik rayonunda baş verən dəhşətli qətl hər kəsi sarsıtdı. Sözügedən rayonun Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Süleymanov Əmrah Xıdır oğlu gecə saatlarında qızları - 2 yaşlı Dilbər və 1 yaşlı Filizi boğaraq öldürüb. Öncə ata iki azyaşlı qızın müəmmalı şəkildə öldüyünü bildirsə də, araşdırmalardan sonra məlum olub ki, toy məclisindən evə sərxoş vəziyyətdə dönən ata arvadını döyərək evdən qovduqdan sonra, anasından uzaq qalaraq ağlayan uşaqların səsini kəsmək üçün balışı körpə övladlarının ağzına basaraq, hər ikisini öldürüb.
Demək olar ki, hər gün öz doğmaları tərəfindən qətlə yetirilən faciəli hadisələrlə bağlı məlumat alırıq. Son günlər nəzər saldığımız xəbərləri oxuduqda insanı vahiməyə gəlir.
Masallı rayonun Rüdəkənar kəndi ərazisində dəhşətli qətl hadisəsi baş verib. Kənd sakini, Qafil Şükürov ailə münaqişəsi zəminində anası Şöhrət Şükürovaya balta ilə zərbə vuraraq qətlə yetirib.
Bakının Qara Qarayev prospekti 10 ünvanında paytaxt sakini, Mehman Xosrovov oğlu, 14 yaşlı Nizamini bıçaqlayıb.
Bərdədə ailə münaqişəsi zəminində baş verən mübahisə atanın oğlunu qətlə yetirməsi ilə nəticələnib.
Özünə haqq qazandıranlar da var
Bu faciəvi ailə dramlarından sonra özünə qəsd edən də tapılır, törətdiyi cinayətdən sonra, ömrünün sonuna kimi peşmançılıq çəkən də, özünə haqq qazandıran da.
Uzunmüddətli, bəzən də ömürlük cinayətə cəlb edilən bu şəxslərə qarşı görülən tədbirlər, hətta insanın bu cür cinayətdən sonra çəkdiyi mənəvi əzablar da başqalarına dərs olmur. Hər gün xəbərlərin manşetinində yeni bir ailə faciələrini əks etdirən faciəli xəbər yer alır.
Araşdırmalar isə sübut edib ki, ailə-məişət zorakılığının qurbanlarının böyük əksəriyyətini qadınlar təşkil edir. Mütəxəssislər hesab edir ki, hər il dünyada 60 milyon qız uşağının doğulmadan məhv edilir. Bu qadınlara qarşı zorakılığın ilkin mərhələsidir. Azərbaycanda isə hər il yaşı 19 - 48 arası olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir. Araşdırmalar onu da sübut edib ki, hər 4 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Bəzən isə bu daha ağır faciələrə səbəb olur. Statistik məlumatlara görə övladı tərəfindən qətlə yetirilən valideynlərin də sayı çoxdur. Dəhşətli faciələr sırasında qardaşın qardaşı və ya bacını öldürməsi, ərin həyat yoldaşını qətlə yetirməsi kimi faktlar da çoxluq təşkil edir.
Mütəxəssislər hesab edir ki, ailə faciələrinin, dəhşətli qətllərin çoxunu insan affekt vəziyyətində törədir. Doğmalarına qıyanların böyük əksəriyyəti uşaqlıqda alınmış travmalarla böyüyənlərdir. Belə ki, insanın uşaq vaxtlarında aldığı travmalar, müxtəlif psixoloji gərginliklər, problemlər onun şüuraltında qalır və zaman keçdikcə depressiya yaradır. Ailə münaqişələri zamanı onsuzda travmalı olan bu insanlar daha da qıcıqlanır və affekt vəziyyətində onun gözünə heç nə görünmür.
Qanun qohumlarına qıyanları cəzalandırır
Psixoloq Rəhman Qurbanov deyir ki, azərbaycanlılar qohumcanlıdırlar. Ona görə də, yaxın qohumlar arasında baş verən faciələr təəccüb və dəhşət doğurur: "Azərbaycanlı ailələr daxili problemlərini özləri həll etməyə çalışırlar. Mentalitetimiz ana və ya atanın, eynən də övladın valideynindən polisə şikayət etməsinə imkan vermir. Bu səbəbdən də ailələrdə baş verən münaqişələr dərinləşir və sonluq faciələrə gətirib çıxarır.
Son vaxtlar zorakılıq hallarının artmasına televiziyada nümayiş olunan filmlər, kriminallar, internetdəki zorakılıq kadrları, uşaqların dəhşət saçan cizgifilmləri baxması insanlarda aqresiyanı artırır.
Hesab edirəm ki, bu cür qətllərlə bağlı ciddi tədqiqatlar aparılmalı və bu cür hadisələrin qarşısını almaq üçün standartlar hazırlanmalıdır.
Ailə, Qadın və Uşaq problemləri Komitəsindən isə bildirildi ki, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu yaxın qohumlar arasında baş verən cinayət hadisələrinin qarşısını almağa yönəlib: "Qanunun tələblərini pozan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanun yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada, qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə aiddir. Üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlara şamil edilir. Bu şəxslər arasında zorakılıq, bir-birinə qəsd halları baş verərsə, qanuna müvafiq qaydada tədbirlər görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB