Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Brüsselə səfər edib
Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndə heyəti 6-7 noyabr tarixlərində NATO Mənzil Qərargahına səfər edib. Akademiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ADA-nın müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Anar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə 14 nəfər diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramının ikinci kurs tələbələri daxil idi.
Səfər zamanı tələbələr NATO İctimai Diplomatiya Bölməsinin təşkil etdiyi brifinq proqramında iştirak etdilər. Proqrama NATO-nun peşəkar ekspertləri tərəfindən müxtəlif təhlükəsizlik məsələləri, o cümlədən NATO tərəfdaşlıqları, əməliyyatlar, enerji təhlükəsizliyi, müdafiə islahatları və digər məsələlər üzrə verilən brifinqlər daxil idi. Bir çoxları gələcək karyerasını diplomatik xidmətdə qurmağı planlaşdıran tələbələr bu brifinqləri maraqla qarşılamış və NATO ilə əlaqəli məsələlər üzrə biliklərini artırmaq baxımından əhəmiyyətli hesab ediblər. Həmçinin, səfər zamanı ADA heyəti bir neçə NATO səfirləri və yüksək vəzifəli diplomatlar ilə görüşmək və onların diplomatik təcrübələrini öyrənmək imkanına malik olublar.
Bütövlükdə ADA nümayəndə heyətinin Brüsselə səfəri NATO İctimai Diplomatiya Bölməsinin və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin sıx əməkdaşlığı və dəstəyi ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB