Şamaxıdakı hərbi hissəyə baxış keçirildi

Şamaxıdakı hərbi hissəyə baxış keçirildi

Bu günlərdə Ombudsman Aparatı Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun baş məsləhətçisi Adil Hacıyev Fövqəladə Hallar Nazirliyinin Şamaxı rayonundakı \"N\" saylı hərbi hissəsinə baxış keçiriblər. SİA-nın xəbərinə görə, həmin monitorinqdən məqsəd əsgər və zabitlərin yaşayış və xidmət şəraiti, asudə vaxtlarının səmərəli təşkili üçün görülən işlər, göstərilən tibbi xidmət, qidalanma rejimi, həmçinin hərbi qulluqçular arasında Nizamnaməyə uyğun rəftarın vəziyyəti ilə tanış olmaq, ombudsmanın hüquq və səlahiyyətlərini izah etmək, insan hüquqları sahəsində fəaliyyəti barədə məlumat vermək olub.

Aparatın əməkdaşları zabit və əsgərlərlə görüşüblər. Görüş zamanı onlar hərbi hissələrin şəxsi heyəti qarşısında çıxış edərək, qarşıdan gələn bayramlar münasibətilə onları təbrik edib, xoş arzularını bildiriblər. Görüşdə həmçinin Müvəkkilin nümayəndələri eyni zamanda hərbi hissədə şəxsi heyətin yaşayış yeri, klub, kitabxana, yeməkxana, mətbəx və xəstəxana şəraiti, anbar, əsgərlərin asudə və istirahət vaxtlarını səmərəli keçirmələri üçün müəyyən edilmiş yerlərə baxış keçiriblər. Görülən işlər müsbət qiymətləndirilməklə yanaşı, işin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. Hərbi hissənin rəhbərliyi şəxsi heyətin hazırlığının daha da təkmilləşdirildiyini, nizamnamədənkənar hallara, kobud rəftara yol verilmədiyini söyləyib, səmimi görüş, əsgər və zabitlərin vəziyyəti ilə maraqlandığı üçün ombudsmana minnətdarlıqlarını bildiriblər. Belə baxışların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə