Beynəlxalq Diaspor Mərkəzi Mərdəkanda yerləşən 2 saylı uşaq evini ziyarət edib

Beynəlxalq Diaspor Mərkəzi Mərdəkanda yerləşən 2 saylı uşaq evini ziyarət edib

Müqəddəs Qurban bayramı münasibətilə bu gün Beynəlxalq Diaspor Mərkəzi (BDM) Mərdəkanda yerləşən 2 saylı uşaq evini ziyarət edib. SİA-nın məlumatına görə, BDM-in Səhiyyə Departamenti tərəfindən uşaq evinə zəruri dərman preparatları təqdim edilib və eyni zamanda uşaqlara bayram hədiyyələri paylanıb.

Uşaq evinin balaca sakinləri qarşısında çıxış edən BDM sədri İsmayıl Ağayev onlara hər zaman dövlət qayğısının yüksək olduğunu bildirərək, ictimaiyyət nümayəndələrinin, o cümlədən, BDM-in gələcəyimiz olan uşaqlara qarşı xüsusi diqqət ayırdığını qeyd edib. İsmayıl Ağayev uşaqları Qurban bayramı münasibətilə təbrik edərək, sağlam həyat, uğurlu gələcək arzulayıb. Hər zaman ata-ana sevgisinə, valideyn qayğısına ehtiyacı olan uşaqlar BDM təmsilçilərini sevinclə qarşılayıblar. Uşaqlar üçün bayram süfrəsi açılaraq, diaspor nümayəndələri də onlarla birlikdə bu müqəddəs günü qeyd ediblər.

Tədbirdə BDM-in Sankt-Peterburq üzrə koordinatoru Şirin Şirxanov, Rusiya təmsilçisi Ələmdar Nəbiyev, BDM idarə heyətinin üzvləri, eyni zamanda Milli QHT Forumunun prezidenti Rauf Zeyni də iştirak ediblər.

Beynəlxalq Diaspor Mərkəzi bütün Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, birlik və əmin-amanlıq, yüksək rifah arzulayır.


Bütün xəbərlər Facebook səhifəmizdə