Göyçayda Nar bayramı

Bu gün Göyçay şəhərində ənənənvi Nar bayramı keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda, ulu öndər Heydər Əliyevin adını daşıyan park və prospektdə keçirilən bayram tədbirində Milli Məclisin deputatları, 8 xarici ölkənin Azərbaycandakı səfiri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri, "İrəli" İctimai Birliyinin və 16 ölkənin gənclər təşkilatının nümayəndələri, yerli və əcnəbi iş adamları iştirak ediblər.

SİA-nın verdiyi məlumata görə, əvvəlcə rəmzi olaraq nar formasında hazırlanmış paltarlar geyinən məktəblilər qonaqlara nar şirəsi və bayramın emblemi olan döş nişanları təqdim ediblər. Tədbirdə qeyd edilib ki, dünya bazarında nara çox böyük tələbat var, ona görə də bu ildən Nar bayramı Beynəlxalq status alıb. Bayram şənliyində 3 minə yaxın sakin şəhər küçələrində əylənib. Müxtəlif sərgilər, idmançıların çıxışları insanların zövqünü oxşayıb.

Tədbirdə ümumilikdə 52 idarə və müəssisə, 10 məktəb, 13 baxça nardan ibarət 2000-nə yaxın rəsm və kompazisiyalarla çıxış edib. Keçrilən yarışmada ən böyük narın çəkisi 1 kiloqram 100 qram gəlib. Göyçaydan olan sahibkarlar bildiriblər ki, nar bağlarının ərazisi genişləndirərək 3191 hektara çatdırılıb. Ötən il rayonda 31 min ton nar tədarük edilib.

Qeyd edək ki, bu il Göyçayda 2100 hektar nar bağından 40000 tondan yuxarı məhsul yığımı gözlənilir. Artıq 25000 ton nar istehsal olunub.

İlahə Vəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə