“Bu rayonda sahibkarlardan qanunsuz olaraq pul yığılmır”

“Bu rayonda sahibkarlardan qanunsuz olaraq pul yığılmır”

Korrupsiyaya Qarşı Mübarizə Fondu "Regionlarda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın maarifləndirilməsi" layihəsi çərçivəsində növbəti dəyirmi masanı Balakən şəhərində keçirib. Fonddan SIA-ya verilən xəbərə görə, tədbir Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub. Balakən rayonunda korrupsiyaya qarşı mübarizə ilə bağlı belə geniş formatlı bir tədbirin ilk dəfə keçirilməsi yerli əhali arasında xüsusi maraq doğurub.

Tədbirdə əksər yerli dövlət orqanlarının, ictimaiyyətin, KİV-in və regional telekanalların da nümayəndələri iştirak edib. Tədbirdə edilən çıxışlarda diqqət çəkən məqamlardan biri o idi ki, yerli dövlət orqanları öz fəaliyyətlərində şəffaflıq prinsiplərinə əməl etmək üçün vətəndaş cəmiyyəti ilə əməkdaşlıq təklif edirdilər. Bu da məmurlar tərəfindən qanunların icrasına ictimai nəzarətin təşkilinə zəmin yaradır. Tədbirdə ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti və bu istiqamətdə Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.
Korrupsiyaya qarşı Mübarizə Fondunun rayonda apardığı araşdırmaların nəticəsi olaraq demək olar ki, son aylarda Balakən rayonunda əhalinin şikayətlərinə baxılması sahəsində nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib. Belə ki, Fondun müşahidələri göstərir ki, bir sıra regionlardan fərqli olaraq, burada intensiv abadlıq işləri görülməsinə baxmayaraq, büdcə təşkilatlarında çalışanlardan və sahibkarlardan qanunsuz olaraq pul yığılmır. Buna görə də vətəndaşlarla olan söhbətlərdə hiss olundu ki, əhali rayondakı vəziyyət barədə müsbət fikirdədir. Tədbirdə Fondun Balakəndə fəaliyyətinin genişləndirilməsi və yerli dövlət orqanları ilə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq etməsi qərara alındı.

Bütün xəbərlər Facebook səhifəmizdə