Nazir Əsədov: “Bayraq vətənin bir parçasıdır”- MÜSAHİBƏ (SƏS TV)

Nazir Əsədov: “Bayraq vətənin bir parçasıdır”- MÜSAHİBƏ (SƏS TV)

Azərbaycan Dövlət Pedoqoji Universitetinin dosenti, tarix üzrə fəlsəfə elmləri doktoru Nazir Əsədovun SƏS TV-yə müsahibəsi:

- Nazir müəllim, 9 Noyabr bayraq günüdür. Xalqımızın, dövlətimizin bu günə xüsusi önəm verməsini nə ilə izah etmək olar?

- Bayraq dövlət rəmzi olaraq çox önəm daşıyır. Onu da qeyd edim ki, dövlət ilk yarananda onun əsas göstəricisi bayrağının olmasıdır. Bayraq müqəddəs bir atributdur. Çünki hər bir bayraq təsis olunarkən millətin ruhu orada öz əksini tapır. Bayraq həmin dövlətin nələrdən ibarət olduğunu əks etdirən bir atributdur. 1918-ci ilə qədər Azərbaycanda bir çox dövlətlər qurumları hakimiyyətdə olub. Buna görə də həmin dövlətlərin özünəməxsus bir çox bayraqları olub. Ancaq müstəqil Azərbaycan dövləti yarandıqdan sonra özünün atributları təsis olundu. Bayrağımızın üç rəngli, üzərində 8 guşəli ulduz və ayın olması heç də təsadüf deyil. Qırmızı rəng Avropaya meylli olmağımız, yaşıl islamçılıqla bağlıdır, mavi rəng isə dünyəvi dövlət olmağımızı göstərir. 1918-ci ildə yaradılan bayraq 1920-ci ildə bolşeviklərin hakimiyyətə gəlməsi ilə ləğv edildi. Azərbaycan xalqının əzmkarlıq göstərməsi nəticəsində ötən əsrin sonlarında müstəqilliyimizi bərpa etdik, bir kərə qalxan bayraq, bir daha enmədi və yenidən həmin bayraq qaytarıldı.

- Nəyə görə döyüş meydanında əsgər yalnız bayraqla hücuma keçir və onu qorumaq üçün canından keçməkdən belə çəkinmir?

- Bu belə də olmalıdır. Azərbaycanda da bu tarixi ənənədir. Bayraq əslində vətənin bir parçasıdır. Bayraq həm də həmin ərazidə yaşayan insanların düşüncəsi, qanı və canıdır. Əgər bayraq tapdalanırsa, o zaman dövlətin xalqı da tapdalanmış olur. Bayraq namus, qeyrət rəmzidir. Ona görə də dövlət başçısı, vətənin keşiyini çəkən əsgər də bayrağa and içir. Çünki bayraq həmişə başımızın üzərində dalğalanır.

- Bakıda bayraq meydanının yaradılması prezident İlham Əliyevin bayrağa xüsusi önəm verməsinin və onu ən yüksək səviyyədə dəyərləndirməsinin təzahürü sayıla bilər?

- Bakıda bayraq meydanının yaradılması heç də təsadüfi deyil. Hələ 2007-ci ildən qərar verilmişdi ki, bayraq meydanında ucaldılan bayraq ən yüksəkdə dalğalanmalı idi. Sevindirici haldır ki, ölkə prezidentinin bayraq meydanın yaradılması haqqında imzaladığı sərəncamın yerinə yetirilməsi yüksək səviyyədə həyata keçirilib. İnanırıq ki, yaxın gələcəkdə bayrağımız işğal olunmuş torpaqlarımızda dalğalanacaq. Bayrağımız həmişə başımızın üzərində və ən yüksəkdə olacaq. Bir daha bayraq günü münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə