Türkiyəli dövlət qulluqçuları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının beş dövlət orqanını təmsil edən rəhbər işçilərdən ibarət nümayəndə heyətini qəbul edib.
Dövlət Komitəsinin sədri qardaş ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu dilə gətirib. Azərbaycanın da qardaş Türkiyə kimi dünyəvi dövlət olduğunu diqqətə çatdıran Hidayət Orucov qeyd edib ki, dünyanın inkişaf etmiş əksər ölkələrində dinin saflığının qorunması, siyasiləşməməsi üçün məhz bu ideal model seçilib. Azərbaycanın din siyasəti haqqında ətraflı məlumat verib və bildirib ki, dövlət başçısı İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti uğurla davam etdirir. Ölkəmizdə son illər bilavasitə Prezident İlham Əliyevin göstərişi və nəzarəti ilə dövlət vəsaiti hesabına dini abidələr tikilir, bərpa olunur. Bu sahədə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də böyük işlər görülür.
Ulu Öndər Heydər Əliyevin "Biz bir millət iki dövlətik" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini xatırladan Hidayət Orucov Türkiyə mətbuatında bəzən ölkəmizin din sahəsi ilə bağlı heç bir fakta əsaslanmayan məlumatların yer almasından, müəyyən dairələrin sifarişlərini yerinə yetirən bir qrup şəxsin guya Azərbaycanda dini etiqad azadlığının pozulduğu iddiası ilə piketlər keçirməsindən narahatlığını dilə gətirmişdir: "Müəyyən qruplar iddia edirlər ki, Azərbaycanda "Türk camesi" bağlanılmışdır. Əvvəla, məscid Allahın evidir və onu "Türk camesi", "Azərbaycan camesi" və s. kimi təsnifləndirmək doğru deyil. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qardaş Türkiyə Azərbaycanda 23 məscid tikmişdir və onlardan 22-i bugünədək fəaliyyət göstərir. Yalnız bir məscid təmir üçün müvəqqəti olaraq qapalıdır. Yaxud bir qrup əsassız olaraq Azərbaycanda hicabın qadağan olunduğunu iddia edir. Birmənalı şəkildə bildirirəm ki, Azərbaycanda hicab qadağan olunmamışdır. Bütün dünyəvi dövlətlərdə, o cümlədən Türkiyədə olduğu kimi, Azərbaycanın orta ümumtəhsil məktəblərində də qanunvericiliyə uyğun olaraq vahid məktəbli forması tətbiq edilir. Bunu isə etiqad azadlığının pozulması kimi qələmə vermək absurddur. Təbii ki, biz onların kim olduqlarını, hansı dairələr tərəfindən idarə edildiklərini yaxşı bilirik. Çox istərdim ki, həm səfər çərçivəsində, həm də Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan gerçəkliklərini dərindən öyrənərək yeri düşdükcə bu kimi əsassız fikirlərə münasibət bildirəsiniz".
Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri, Türkiyə Respublikası Dövlət Kadrlar İdarəsinin təhsil şöbəsinin başqanı Əkrəm Kuru ölkəmizin inkişafından, dünyanın siyasi arenasında qazandığı uğurlarından qürur duyduqlarını dilə gətirib. Azərbaycanın başda Dağlıq Qarabağ olmaqla, bütün problemlərini Türkiyənin problemi kimi qəbul etdiklərini deyən Əkrəm Kuru qeyd etmişdir ki, Bakıda gördükləri quruculuq işləri, paytaxtımızın gözəlliyi onları heyran etmişdir. Nümayəndə heyətinin rəhbəri xüsusilə vurğulanıb ki, bəzi dairələrin Azərbaycan əleyhinə çıxışlar etməsi Türkiyəni də narahat edir. Ancaq həmin kiçik qrupların ifadə etdiyi fikirlər ümumilikdə türk xalqının fikirləri deyildir. Belə kiçik dairələr Türkiyə ilə Azərbaycanın qardaşlığına qətiyyən xələl gətirə bilməzlər.
Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB