Azərbaycanın enerji siyasəti Romada keçirilmiş konfransda müzakirə olunub

Azərbaycanın enerji siyasəti Romada keçirilmiş konfransda müzakirə olunub

Romadakı tarixi Karolis sarayında beynəlxalq əlaqələr sahəsində İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) "Azərbaycanın enerji siyasəti və Xəzər qazı ilə bağlı Qərb dövlətlərinin rəqabəti" mövzusunda konfrans keçirib.

Azərbaycanın İtaliyadakı səfirliyindən bildiriblər ki, tədbiri BMİ-nin direktoru professor Ettore Qreko və İtaliyanın "Unicredit" bankının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsi Cuzeppe Skonyamiliyo açıblar. BMİ-nin Qafqaz üzrə tədqiqatlar proqramının rəhbəri xanım Nona Mixelidze məruzəçiləri təqdim edib.

Azərbaycan Diplomatik Akademiyasının dosenti, Akademiyanın Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov və Londondakı "Kontrol Risks" konsaltinq mərkəzinin enerji məsələləri üzrə eksperti Maykl Denison konfransda əsas məruzələrlə çıxış ediblər. Daha sonra Türkiyənin Bilkənt Universitetinin dosenti xanım Pinar İpək, həmçinin BMİ-nin Qafqaz və Xəzər regionu üzrə tədqiqatçısı Nikolo Sartori məruzələrlə bağlı çıxış ediblər.

Konfransda məruzəçilər tərəfindən ölkəmizin əsası 1994-cü ildən "Əsrin Müqaviləsi" ilə uğurla qoyulmuş enerji siyasəti, həyata keçirilmiş və perspektiv layihələr, Xəzər qazının dünya bazarlarına mümkün nəqli imkanları, regional layihələrdə Azərbaycanın rolu və digər məsələlərlə bağlı məlumat verilmiş, auditoriyanın sualları cavablandırılmış və müzakirələr aparılıb.

Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Bu konfrans Azərbaycan ilə bağlı BMİ-nin keçirdiyi ikinci tədbirdir. Cari il iyulun 11-də keçirilmiş birinci konfrans Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə