2013-cü ildə Bakı Metropoliteninin daha 2 stansiyası istifadəyə veriləcək

2013-cü ildə Bakı Metropoliteninin daha 2 stansiyası istifadəyə veriləcək

"Bakı Metropolitenində yeniliklər davam etməkdədir. Tərəfimizdən köhnələn vaqonlar 2003-cü ildən etibarən dəyişdirilir, artıq 166-a qədər yeni vaqon almışıq". SİA-nın məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

T. Əhmədov onu da qeyd edib ki, 2013-cü ildə Bakı Metropoliteninin daha 2 stansiyası istifadəyə verilməsi nəzərdə tutulur: "Bunlar "Memar Əcəmi-2" ("Memar Əcəmi" stansiyasından keçid) və "Avtovağzal" stansiyalarıdır. Hazırda qeyd olunan istiqamətdə tikinti işləri davam etdirilir. Metronun "Memar Əcəmi" stansiyasından paytaxtın "Azadlıq" meydanına xəttin çəkilişi də planlaşdırılır".

Metroda sərnişinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir deyən Tağı Əhmədov: "Dünyanın aparıcı ölkələrinin metropolitenlərində quraşdırılan sistemlərə uyğun, müasir texnologiyalar nəzərə alınmaqla Bakı Metropoliteninin stansiyalarında təhlükəsizlik və videomüşahidə şəbəkəsi yaradılıb, vaqonlarda kameralar quraşdırılıb. Ümumiyyətlə, biz bundan sonra da metropolitenin inkişafı naminə səylə çalışacağıq",-deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə