Leykoz xəstələri problemlə üz-üzədirlər-ARAŞDIRMA

Leykoz xəstələri problemlə üz-üzədirlər-ARAŞDIRMA

Leykemiya–insan orqanizmində qan yaradıcı sistemin şiş xəstəliyidir. El arasında \"ağ qan qırmızı qanı yeyir\" fikri ilə məşhur xəstəlik kimi tanınır. Ötən əsrin ikinci yarısına qədər leykoz diaqnozu təsdiqlənən xəstə ölümə məhkum sayılırdı. Sonralar elmin inkişafı, müayinə metodlarının, müalicə işlərinin təkmilləşdirilməsi bu anlayışı aradan qaldırdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində uşaqlar arasında leykozdan tam sağalma şansı 95 faiz təşkil edir. Yalnız vaxtında düzgün aparılmayan müalicə xəstənin ölümü ilə nəticələnir. Ümümdünya Səhiyyə Təşkilatının açıqladığı statistik məlumatlara görə, 100 000 insandan 13-ü bu xəstəliyə tutulur.

Azərbaycanda da bu xəstəliyə düçar olan xeyli insan var. Onların 300-ə yaxın uşaqlar təşkil edir. Uzun zamandan bəri görülən tədbirlərə baxmayaraq, hələ də problemin həlli yolları tapılmır və nəticədə xəstəliyin qurbanına çevrilənlərin sayı günü-gündən artır. 2009-cu ildən fəaliyyət göstərən "Leykemiya ilə mübarizə" İctimai Birliyi ilk gündən leykozlu xəstələrin müalicəsinin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində fəaliyyət göstərir. Birliyin sədri Mehriban Bağırova SİA-ya verdiyi açıqlamasında leykemiyalı insanların sağalması istiqamətində hələ də mühüm problemlərin olduğunu deyib. Onun sözlərinə görə, hazırda azyaşlıların müalicəsi Hematologiya İnstitutunun Uşaq şöbəsində aparılır ki, orada da çox acınacaqlı vəziyyət var.

"Dərman preparatları, xəstəliyin düzgün diaqnozunun qoyulması üçün lazımı avadanlıq yoxdur. Kadr çatışmazlığı da önəmli problemlərdəndir. Elə ona görə də valideynlər uşaqları müalicə üçün xarici ölkələrə aparırlar. Hazırda xəstə uşaqların əksəriyyəti İrandadır. Bu ölkə həm yaxın olduğu üçün, həm də əksər vaxtda müalicənin pulsuz aparılması səbəbindən oraya üz tutanların sayı çoxdur. Ancaq imkansız ailələr var ki, pulsuzluqdan övladlarını müalicə edə bilmir və bir neçə müddətdən sonra uşağın ölüm xəbərini eşidirik. Leykozlu xəstə uşaqların valideynləri hər dəfə zəng edərək Hematologiya və Transfuziologiya İnstitutunun işindən şikayət edirlər: dərmanların və steril şəraitin olmamasından, tibbi personalin professional olmamasından. Uşaqlardan sümük iliyinin alınması zamanı anestezioloqun olmaması uşaqların psixoloji xəstəliklərlə üzləşməsinə gətirib çıxardır. Bizlərə kömək lazımdır!".

M.Bağırova qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən şəxsən Oktay Şirəliyevin tapşırığı ilə leykozlu uşaqlar üçün təmir edilən korpus hələ də istifadəyə verilməyib. Onun sözlərinə görə, bundan əlavə, xəstəxana müasir tibb avadanlıqları ilə təmin edilməli, onkopreparatlarının əlçatımlığı təmin edilməli, sosial və tibbi reabilitasiya sistemi yaradılmalıdır: "Tibbi personalın ixtisas səviyyəsinin yüksəldilməsinə dair işlər görülməlidir. Ancaq təəssüflər olsun ki, hələlik bu sahədə heç bir irəliləyiş hiss olunmur".

Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlasaq da bu cəhdlərimiz baş tutmadı. Hər halda yaxın müddətdə qarşı tərəf olaraq Səhiyyə Nazirliyinin fikrini əldə etməyə çalışacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə