TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının I iclası öz işinə başlayıb

TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının I iclası öz işinə başlayıb

TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının I iclası bu gün Bakıda öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Milli Məclisdə keçirilən iclasda Beynəlxalq Əlaqələr Komissiyasının sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov TÜRKPA-nın yaranmasını türkdilli ölkələrin parlamentləri tarixində mühüm hadisə olduğunu deyib və bildirib ki, bu qurum vasitəsilə türkdilli ölkələr arasında olan münasibətlər daha da inkişaf edəcək. Ə. Əmiraslanov yaxın gələcəkdə Özbəkistan və Türkmənistan parlamentlərinin də TÜRKPA-ya üzv olacağını diqqətə çatdırıb.

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Türkiyə və Azərbaycan arasında münasibətlərin dünyada analoqunun olmadığını vurğulayıb və TÜRKPA-nın artan nüfuzundan danışıb. O, Özbəkistan və Türkmənistanın da bu quruma qoşulmasını arzulayıb.

TÜRKPA-nın baş katibi Ramil Həsənov isə deyib ki, qurum dünya diplomatiyasında öz yerini tutmaqdadır. Hazırda qurum bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi və qonaq statusunda təmsil olunur.

İclasda \"TÜRKPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri\" mövzusu müzakirəyə çıxarılacaq.

Komissiyanın iclasında TÜRKPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək 3-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barədə hesabatın və gələcək fəaliyyət üçün təkliflər paketinin qəbul edilməsi qözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə