Etibar Hüseynov: “Əvəz Zeynallının hərəkətləri məhkəmədə öz təsdqini taparsa bu Azərbaycan jurnalistikası üçün utandırıcı olacaq”
Əvəz Zeynallının hərəkətləri məhkəmədə öz təsdqini taparsa bu Azərbaycan jurnalistikası üçün utandırıcı olacaq. Bunu millət vəkili Etibar Hüseynov "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə münasibət bildirərkən deyib.
Etibar Hüseynovun sözlərinə görə, millət vəkili Gülər Əhmədova kimi ləyaqətli, demokratik düşüncəli bir insanın şəxsi və işgüzar nüfuzuna xələl gətirəcək məlumatları qəzet səhifələrində çap olunacağını bildirməklə, ona hədə-qorxu tətbiq edərək pul almaq Əvəz Zeynallının arxasında hansısa subyektiv səbəblərin olduğundan xəbər verir: "Bir vaxtlar "Xural" qəzeti mənim də şərəf və ləyaqətimi alçaldan, şantaj xarakterli məlumatlar yayıb. Mən də buna cavab olaraq onları məhkəməyə verdim. Lakin deputat və jurnalist tanışlarımın xahişi ilə məhkəmə iddiamı geri götürdüm. Çox təəssüflər olsun ki, o bundan yenə də nəticə çıxarmadı", – deyə deputat sözlərinə əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində "Xural" qəzetinin təsisçisi və baş redaktoru Zeynalov Əvəz Tapdıq oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlayıb. İstintaqla müəyyən edilib ki, Əvəz Zeynalov Əhmədova Gülər Mikayıl qızı barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10.0 min manat pulu rüşvət kimi istəyib. Bununla da Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB