Gəncədə Gürcüstan Türkləri Konfederasiyasının I Qurultayı keçirilib

Gəncədə Gürcüstan Türkləri Konfederasiyasının I Qurultayı keçirilib

Noyabrın 2-də Gəncə şəhərində Gürcüstan Türkləri Konfederasiyasının I (Təsis) Qurultayı keçirilib. SİA-nın xəbərinə görə, Qurultaya Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Təşkilati məsələlər üzrə katibi Süleyman Əliyev sədrlik edib.

Qeyd edək ki, 28 oktyabr 2011-ci ildə Bakıda, Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən 7 ictimai-siyasi təşkilatın təmsilçiləri Gürcüstan Türkləri Konfederasiyasının (GTK) yaradılması barədə Təsis Bəyannaməsi imzaladıqdan sonra Gəncədə 2 noyabr 2011-ci il tarixdə GTK Təsis Qurultayını keçirmək qərara alınıb.

Gürcüstan Türkləri Konfederasiyasının I (Təsis) Qurultayında Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasını (GAMA), Böyük Birlik Təşkilatını (BBT), Bakı Ahıska Türkləri Mərkəzini (BATM), Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyasını (GAJF), GAMA Gənclər İttifaqını, Borçalı Gənc Türklər İttifaqını (BBGTİ), Gürcüstan Türk Qadınlar Komitəsini (GTQK) təmsil edən, həlledici səsvermə hüququna malik 72 nümayəndə iştirak edib. Konfederasiyanın Qurultayına Süleyman Əliyev sədrlik edib.

Qurultayda Gürcüstan Türkləri Konfederasiyası təsis edilmiş və Nizamnaməsi qəbul edilib. Həmçinin Nizamnaməyə uyğun olaraq Konfederasiyanın ali orqanları seçilmişdir. Daşqın Gülməmmədov Gürcüstan Türkləri Konfederasiyasının Prezidenti, Əsəd Əliyev isə vitse–prezidenti seçilib.

Qurultayda çıxışlar zamanı bəyan edilmişdir ki, Gürcüstan Türkləri Konfederasiyasının yaradılmasında əsas məqsəd Gürcüstan yaşayan Azərbaycan və ahıska türklərinin birliyinə nail olmaq, onların hüquqlarının təmin edilməsini həyat keçirmək, parlament seçkiləri zamanı vahid siyasi blokda milli iradə göstərməkdir. Çıxış edən Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Baş katibi Eyyub Eyyubov qeyd edib ki, Gürcüstan Türkləri Konfederasiyasının yaradılması Gürcüstanda yaşayan Azərbaycan və ahıska türklərinin həyatında yeni tarixi səhifə açır. Bundan sonra milli və konstitusion hüquqlar uğrunda mübarizəmiz daha mütəşəkkil və səmərəli olacaqdır. Qurultayın sonunda təşkilati və cari məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə