Qurban bayramı ərəfəsindəyik. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı insanları halallığa, paklığa səsləyir. Bu bayram bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Qurban bayramında "Qurban kəsmək dünyanın bütün müsəlmanları üçün müstəhəb, Məkkədə Həcc ziyarətində olan Hacılar üçün isə vacibdir". İslam dinində Qurban bayramı böyük bayram adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir.
Qurban Allaha inamın, dərin etiqadın nümunəsidir
Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin öz oğlu İsmayılı Allah yolunda qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir. İbrahim peyğəmbər tərəddüd etmədən oğlunu yerə yıxıb başını kəsmək istəyərkən, Allahın göndərdiyi mələk Cəbrayıl göydən enərək onun əlini saxlayır. Mələk Allahın ondan razı qaldığını bildirir və İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Həmin vaxtdan müsəlmanlar hər il ev heyvanlarından birini Allah yolunda kəsib, ona öz itaətkarlıqlarını bildirirlər.
Qurbanlıq heyvan sağlam olmalıdır
Göy məscidin axundu Hacı Akif deyir ki, qurban bayramı bütün bayramların şahıdır. Yəqin ki, bayram ərəfəsində hamını qurban kəsməyin qaydaları da düşündürür. Qeyd edim ki, qurban kəsən şəxs bütün qaydalara riayət etməlidir. Bayrama keçən gecə əhya saxlanmalı, ibadət edib dualar oxunmalıdır. Qurban kəsən şəxs bayram qüsulu almalı, bayram namazı qılmalıdır. Bu bayramın ən savab əməllərindən biri kasıbları sevindirməkdir. Qurban ətinin çox hissəsi imkanı olmayan insanlara paylanılmalıdır. Kəsilən qurbanlıq heyvan mütləq sağlam olmalıdır. Şikəst, quyruqsuz və ya quyruqlu, qulağı kəsik olan heyvanlar qurbanlıq seçilməməlidir. Qurbanlıq heyvan dəvə, öküz, keçi, qoç və ya qoyun ola bilər. Bayramda 1 nəfər qoyun, keçi, qoç, 7 nəfər isə 1 dəvə və ya 1 öküz kəsə bilər. Kəsilən qurbanlığın yaşı da nəzərə alınmalıdır. Belə ki, dəvə 5 illik, öküz 2 illik, keçi 1 ilik, qoç və ya qoyun 6 aylıq olmalıdır. Onu da deyim ki, qurban kəsən şəxslə bağlı da bir sıra vacib şərt var. Belə ki, qurban kəsən şəxs həddi-buluğa çatmış, müsəlman olmalı, qurban yalnız Allah üçün kəsilməli, qurban kəsdikdə Allahın adı çəkilməli, qurban Allahdan qeyrisinin adı ilə kəsilməməli, qurban kəsici iti alətlə kəsilməli, qurban şəriətin buyurduğu yerdən kəsilib qanı axıdılmalı, qurbanlıq heyvan şəriətin icazə verdiyi heyvanlardan olmalı, qurban qibləyə tərəf döndərilməlidir. Dəvə ayaq üstə, öküz və qoç isə uzanan yerdə kəsilməlidir. Kəsilən heyvana bıçaq göstərilməməlidir. Qurbanın qəbul olunması üçün dua edilməli və qurbanın kim tərəfindən kəsildiyi dillə tələffüz edilməlidir".
Hacı bildirdi ki, qurbanlıq qurban namazı qılınandan sonra kəsilməlidir: "Ondan əvvəl kəsilib paylanan qurban sadəcə kəsilib paylanan ət kimi qəbul olunur. Qurban kəsdirən şəxs əgər özü kəsə bilmirsə, qurbanlıq kəsilən vaxt həmin yerdə olmalıdır. Rəvayətə görə, Peyğəmbərimiz buyurub ki, qurban kəsdirərkən orada olun, çünki qurbanlıqdan axan ilk damla qana görə bağışlanarsınız. Qurban kəsilən zaman qurbanın sahibi və kəsən şəxsin \"Bismillahi vallahu-əkbər\" deməsi də arzu olunandır. Peyğəmbərimiz də müsəlmanları qurban kəsməyə həvəsləndirib. Buna dair rəvayət olunan hədisdə Rəsulullah belə buyurub: \"Qurban bayramı günü kəsilən qurban Qiyamət günü buynuzları, tükləri və cüt dırnaqları ilə gələcək\".
Allah qurbanınızı qəbul etsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB