Van zəlzələsi göydələnlərə marağı azaldıb ARAŞDIRMA

Van zəlzələsi göydələnlərə marağı azaldıb  ARAŞDIRMA
Türkiyənin Van bölgəsində baş verən zəlzələ yeni tikilən binaların keyfiyyəti ilə bağlı tərəddüdlü fikirləri yenidən gündəmə gətirdi. Bu binalarda yaşayan və mənzil almağa hazırlaşanlar arasında son günlər narahatlıq yaşanır. Hündür binalarda yaşayanları binanın nə dərəcədə zəlzələyə davamlı olduğu düşündürür. Göydələndə ev almağa hazırlaşanlar isə kəskinliklə bu fikirdən vaz keçiblər.

Məsələ ilə bağlı ev - alqı satqı mərkəzlərində keçirdiyimiz sorğu zamanı öyrəndik ki, Türkiyədə baş verən zəlzələdən sonra hündürmərtəbəli binalardakı mənzillərlə maraqlanan demək olar ki yoxdur: "Son illər göydələnlərə maraq artmışdı. İnsanlar tərəddüd etmədən yeni binalarda ev alırdılar. Ancaq Van zəlzələsində uçuntuların yeni binada daha çox qeydə alınması yenidən bu binalara olan etibarı azaltdı. Hazırda həyət və köhnə binalardakı evlərə tələbat daha çoxdur".


Nəticə etibarı ilə belə qənaətə gəlmək olar ki, Van bölgəsinin binalar inşa olunarkən, ərazinin seysmik cəhətdən aktiv zonada yerləşməsi nəzərə alınmayıb. Zəlzələdən yeni binaların "üzü qara" çıxması tikinti şirkətlərinin öz işlərinə nə dərəcədə məsuliyyətsiz yanaşdığını bir daha ortaya qoydu.
Deyillər şər deməsən xeyir gəlməz. Bəs görəsən belə bir təbii fəlakət Azərbaycanda baş verərsə, Bakıda yeni tikililərini hansı aqibət gözləyir? Ümumiyyətlə inşasına icazə verilən yeni binaların tikildiyi ərazinin seysmikliyi, binaların zəlzələyə davamlılığı nəzərə alınırmı?



Nəinki yeni, köhnə binalar arasında da təhlükəliləri var


Mütəxəssislərin fikrinə keçməzdən öncə qeyd edək ki, son illər əlaqəli qurumlar tərəfindən bu sahəyə nəzarət xeyli ciddiləşib. Ancaq daha öncə tikilən binalar haqda bunu demək çətindir. Çünki göydələnlər yeni tikilən dövrlərdə
onlara heç bir nəzarətin olunmurdu. Mütəxəssislər isə hesab edir ki, nəinki yeni binalar hətta köhnə binalar arasında da zəlzələyə davamsızları az deyil. Çünki 2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələ zamanı indiki hündürmərtəbəli binalar yox idi və o dövrdə 6 ballıq zəlzələ köhnə binaların əksəriyyətində çatlardan iz buraxdı.
Müstəqil Memarlar Assosiasiyasının prezidenti, memar Zemfira Budaqova da deyir ki, köhnə binalara sakinlər tərəfindən edilmiş əlavələr, eyvanların artırılması, mənzillərin layihələrinə dəyişiklik edilməsi binanın davamlılığını azaldır: "Bu gün nəinki hündürmərtəbəli binalarda hətta köhnə binalar üçün də zəlzələ baş verərsə real təhlükə var. Sovet dövründə tikilmiş binaların çoxunun istismar müddətini başa vurması da binanın möhkəmliyinə mənfi təsir edir. Ona görə də, paytaxtda 7-8 ballıq zəlzələ baş verərsə zəlzələyə nəinki təzə, hətta köhnə tikililərdə davam gətirə bilməyəcək".
Memarın fikrincə, yeni eyvanlar, ərazisi genişləndirilmiş köhnə eyvanlar, zirzəmiləri və ya 1-ci mərtəbələri əsassız təmirə məruz qalmış bina və obyektlərin durumu da ağırlaşa bilər: "Ərazilərinin genişləndirilməsi nəticəsində eyvanlar kənara çıxarılır ki, bu da binanı nəzərdə tutulmuş ağırlıqdan artıq yüklənməyə məruz qoyur. Ona gərə də, onların uçma ehtimalı böyüyür. Bina divarlarının yonulması da memarlıq baxımından qəbuledilməz haldır. Çünki binaların ağırlıq mərkəzi olan əsas sütun və dayaqlar zəiflədikcə binanın yük götürmə qabiliyyəti zəifləyir. Yer titrəməsi zamanı belə binaların nə dərəcədə davam gətirə bilməsi sual altındadır".
Z. Budaqova 1988-ci ildən sonra binaların tikilməsi zamanı 9-11 bal zəlzələyə dözə bilməsi tələbi qoyulduğunu da dedi: "Son illər tikintilərin zəlzələlərə dözümlülüyünə nəzarət var. Ancaq bəzi yerlərdə keyfiyyətə göz yumulur və nəticədə bina necə gəldi ucaldılır. Hesab edirəm ki, bu istiqamətdə tədbirlər gücləndirməlidir ki, peşmançılıq olmasın".



Tikinti şirkətləri binanın seysmikliyinə dair rəy almalıdır



Bina tikilərkən ərazinin geoloji durumu aparılırmı və zəlzələyə davamlılığı yoxlanılırmı suallarına cavab almaq üçün isə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişliyə müraciət etdik. Q. Yetirmişli öncə bildirdi ki, Bakı seysmik rayonlaşdırma xəritəsində 8 ballıq zonada yerləşir. Ancaq Bakının elə əraziləri də var ki, 9 ballıq zonaya düşür. Ona görə də, hər hansı bir tikinti aparılmazdan öncə ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir.
Mütəxəssis hələ də Bakıda instrumental tədqiqatlar aparılmadığını da bildirdi: "Bu tədqiqatlardan sonra tikinti aparılarkən mütəxəssislər tərəfindən hesablamalar aparmalıdır ki, onlar rezonans tezliyinə uyğun gəlməsin. Əgər binalar bu tezliyə uyğun gələrsə, hətta zəif zəlzələlər zamanı da dağıla bilər. Qeyd edim ki, RSMX-ti tikintilərə nəzarət etmək səlahiyyəti yoxdur. Biz yalnız layihələndirmədən əvvəl seysmik ballıq barədə rəy veririk. Bundan sonra layihələndirmə işləri aparılır. Ümumiyyətlə binaların inşası zamanı mövcud qanunlara düzgün riayət edilsə, binalar üçün təhlükə olmaz. Hər bir tikinti şirkəti tikintiyə başlamazdan öncə mərkəzə müraciət etməlidir. Bundan sonra mütəxəssislər tərəfindən binanın tikiləcəyi ərazinin seysmik ballılığını hesablanır və baş verə biləcək zəlzələnin əraziyə təsirini müəyyənləşdirilir. Bundan sonra isə tikinti şirkətinə ərazinin seysmik davamlılığı ilə bağlı rəy verilir. Sonrakı işlər isə artıq həmin tikintini həyata keçirən tikinti şirkətlərinin üzərinə düşür. Belə ki, rəyə uyğun olaraq ərazinin seysmikliyi nəzərə alınmalı və həmin təhlükəliliyə davamlı bina inşa olunmalıdır".






Bütün xəbərlər Facebook səhifəmizdə