Ramil Usubov Rusiyanın Hesablama Palatasının sədrini qəbul edib

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı səmimiyyətlə salamlayan nazir kriminogen durumla bağlı məlumat vermiş, rəhbərlik etdiyi qurumda aparılan islahatlardan, ölkələrimizin daxili işlər nazirlikləri arasındakı əlaqələrdən danışıb.

Rusiya Federasiyası Hesablama Palatasının sədri ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasından məmnunluğunu bildirmiş, Azərbaycanda son dəfə 5 il bundan əvvəl olduğunu, ötən müddət ərzində paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və müasir Avropa şəhərlərindən birinə çevrildiyini deyib.

Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə