Sabah TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci toplantısı keçiriləcək

Sabah TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci toplantısı keçiriləcək

Sabah Bakıda TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci iclası öz işinə başlayacaq. SİA-nın xəbərinə görə, iki gün davam edəcək iclasda "TÜRKPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri" mövzusu müzakirəyə çıxarılacaq. Beynəlxalq Əlaqələr Komissiyasının sədri Əhliman Əmiraslanovun, Qazaxıstan, Türkiyə və Qırğızıstandan iştirak edəcək komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, fikir mübadiləsi aparılacaq.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun komissiyanın iclasında iştirakı nəzərdə tutulur. Komissiyanın iclasında TÜRKPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək 3-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barədə-hesabat sənədi və gələcək fəaliyyət üçün təkliflər paketinin qəbul edilməsi gözlənilir.

Həmçinin komissiyanın 2-ci iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək. Komissiyanın iclasında TÜRKPA baş katibi Ramil Həsənovun çıxış etməsi və təşkilatın fəaliyyəti ilə bağlı komissiya üzvlərinə məlumat verməsi də planlaşdırılır.

Eyni gün Milli Məclisinin sədri, TÜRKPA Assambleya şurasının üzvü Oqtay Əsədovun qonaqları qəbul etməsi də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə