TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci toplantısı keçiriləcək

TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci toplantısı keçiriləcək

3-4 noyabr 2011-ci il tarixində TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci iclası Bakı şəhərində baş tutacaqdır.

SİA-nın xəbərinə görə, Milli Məclisdə keçiriləcək iclasda "TÜRKPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri" mövzusu müzakirəyə çıxarılacaqdır. Beynəlxalq Əlaqələr Komissiyasının sədri Əhliman Əmiraslanovun, Qazaxıstan, Türkiyə və Qırğızıstandan iştirak edəcək komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, fikir mübadiləsi aparılacaqdır.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Ziyafət Əsgərovun komissiyanın iclasında iştirakı nəzərdə tutulur. Komissiyanın iclasında, TÜRKPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək 3-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barədə-hesabat sənədi və gələcək fəaliyyət üçün təkliflər paketinin qəbul edilməsi qözlənilir.

Həmçinin Komissiyanın 2-ci iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcəkdir. Komissiyanın iclasında TÜRKPA Baş katibi Ramil Həsənovun çıxış etməsi və təşkilatın fəaliyyəti ilə bağlı komissiya üzvlərinə məlumat verməsi də planlaşdırılır.

Eyni gün Azərbaycan Respublikası Milli Məclisinin sədri, TÜRKPA Assambleya Şurasının üzvü Oqtay Əsədovun qonaqları qəbul etməsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə