Yeni qanun layihələri müzakirə edilib

Yeni qanun layihələri müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə hazırladığı yeni qanun layihələrinin ictimai müzakirəsi başlanıb.

Qurumdan SİA-ya verilən xəbərə görə, bu gün "Park İnn" otelində hökumət nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatlar və yerli QHT təmsilçilərinin iştirakı ilə "İctimai iştirakçılıq haqqında" və "Peşə birlikləri haqqında" qanun layihələri müzakirə edilib. Dəyirmi masanı açan Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev qanun layihələrinin ictimai fəaliyyət üçün böyük əhəmiyyət kəsb etdiyini və onların QHT qanunvericiliyinin möhkəmləndirilməsində müsbət rol oynayacağını vurğulayıb. A.Quliyev Şura tərəfindən yaradılmış işçi qrupların qanun layihələri üzərindəki fəaliyyətini yüksək qiymətləndirməklə bərabər qeyd etdi ki, layihələrin daha da təkmilləşdirilməsi üçün ictimai müzakirələr davam etdiriləcək.

"Peşə birlikləri haqqında " və "İctimai iştirakçılıq haqqında " qanun layihələrini müvafiq işçi qrupların rəhbərləri Milli Məclis Aparatının sektor müdiri Adil Vəliyev və Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev təqdim ediblər.

Müzakirələrdə çıxış edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin qanunvericilik və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, millət vəkilləri Fazil Mustafa, Musa Quliyev, Çingiz Qənizadə, Əli Məsimli, eləcə də dövlət qurumları, beynəlxalq və yerli QHT təmsilçiləri Aydın Kərimov, Hafiz Həsənov, Ülvi İsmayıl, Elvin Əliyev, Abil Bayramov, Novella Cəfəroğlu, Sevgim Rəhmanov, Seymur Yusifov, Fuad Babayev və başqaları qanun layihələrinə aid təklif və tövsiyələrini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə