Azərbaycan-Balkan ölkələri biznes forumu keçiriləcək

Azərbaycan-Balkan ölkələri biznes forumu keçiriləcək

Noyabrın 3-dən etibarən iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Balkan ölkələrində (Serbiya, Monteneqro, Bosniya və Hersoqovina) səfərdə olacaq. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə rəsmi şəxslərlə yanaşı, iş adamları da daxildir. Səfər çərçivəsində noyabrın 3-də Serbiyanın paytaxtı Belqradda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası keçiriləcək.

Noyabrın 4-də isə Azərbaycan və Balkan ölkələri arasında İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Serbiyanın Ticarət və Sənaye Palatasının və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin təşkilatçılığı ilə Azərbaycan-Balkan ölkələri biznes forumu keçiriləcək.

Səfər çərçivəsində, həmçinin Azərbaycan nümayəndə heyətinin Balkan ölkələrində bir sıra işgüzar görüşləri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə