Daşkəsəndə payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub
Rayonun idarə, müəssisə və təşkilatlarında 2011-2012-ci illər payız-qış mövsümünə hazırlıq üzrə tədbirlər planı işlənib hazırlanaraq təsdiq edilib.
Daşkəsən rayon İcra Hakimiyyətindən SİA-ya verilən xəbərə görə, 2011-ci ilin keçən dövrü ərzində Daşkəsən rayon Paylayıcı Elektrik Şəbəkəsi, Qaz İstismar Sahəsi, Telekommunikasiya Qovşağı, 22 saylı Yol İstismar İdarəsi, Təhsil, Mədəniyyət və Turizm şöbələri, Rayon Mərkəzi Xəstəxanası, Daşkəsən şəhər Su-kanal idarəsi, Kommunal Müəssisələr Kombinatı, Birləşmiş Qazanxanalar və İstilik Şəbəkəsi sahəsi payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra işlər görüblər.
Belə ki, Elektrik Şəbəkəsi üzrə şəhər və kəndlərdə 34776 manatlıq təmir-bərpa işləri aparılıb.
Daşkəsən Elektrik Şəbəkəsinin qulluq ərazisində olan rayon mərkəzi və kəndlərdə 2011-ci ilin yanvar-avqust ayları ərzində 10-6-0,4 kv-luq EVX və yarımstansiyalarda tərtib olunmuş əsaslı və cari təmir plan-qrafikinə uyğun olaraq əsaslı və cari təmir işləri görülüb.
Hesabat dövründə 221 ədəd 1 faizli yeni sayğac quraşdırılmış, 72 ədəd 1 faizli qüsurlu sayğac dəyişdirilmiş, 2,2 km müxtəlif markalı kabel çəkilib. 289 ədəd avtomat, 222 ədəd 1 yerlik, 1 ədəd 3 faizli sayğac qutusu quraşdırılıb.
Rayon Qaz İstismar sahəsində payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planında nəzərdə tutulmuş 6 bənddən 5 bəndi yerinə yetirilmiş, 1 bənddə nəzərdə tutulmuş işlər isə davam etdirilir.
Belə ki, tədbirlər planında may ayında nəzərdə tutulmuş tədbir 100% yerinə yetirilib. Yəni 5 ədəd təzyiq tənzimləyicisi əsaslı təmir olunaraq mövsümə uyğun tənzimlənmiş və profilaktik xidmət göstərilib.
Sentyabr ayında nəzərdə tutulmuş işlər də uğurla yerinə yetirilib. Belə ki, 5 ədəd siyirtmə quraşdırılaraq istismara verilib. Eyni zamanda 2 ədəd 50mm-lik siyirtmə Alunitdağ qəsəbəsində quraşdırılıb.
2011-2012-ci illər payız-qış mövsümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq Telekommunikasiya Qovşağı üzrə aşağıda qeyd edilən tədbirlər yerinə yetirilib.
ATS və gücləndirici avadanlıqları qidalandıran akkumlyator batareyalarının texniki vəziyyəti yoxlanılmış, qida qurğuları texniki normaya gətirilmiş, elektrik qida qurğularında və dizel generatorlarında təmir işləri aparılıb. Dizel generatorları ehtiyat yanacaqla təmin edilib.
Daşkəsən şəhəri Birləşmiş Qazanxanalar və İstilik Şəbəkələri sahəsi üzrə payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra işlər görülüb.
Rayon İstilik Qazanxana Sisteminin fəaliyyətində aradan qaldırılması üçün vacib olan bir sıra problemlər vardır.
Daşkəsən Su Kanal idarəsi payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra işlər görüb.
2011-2012-ci illərin payız-qış mövsümünə hazırlıq məqsədi ilə şəhər daxili su xətlərinin bərpasını təmin etmək üçün şəhər, mədənçilər, məhəllə xətlərində qəzalar aşkar edilmiş və qarşısı alınıb.
Ümumilikdə rayonun idarə, müəssisə və təşkilatlarında payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir və bu işlərin həyata keçirilməsi Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB