Bu gün prezident İlham Əliyev Ucar rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Şahmat kompozisiyası formasında tikilən bu tədris ocağının ümumi sahəsi 820 kvadratmetrdir. Şahmat məktəbinin ərazisində yaşıllıqlar salınıb. Müasir işıqlandırma sistemi quraşdırılıb. Birmərtəbəli məktəbdə 5 tədris, 1 kompyuter otağı və xidməti otaqlar var. Məktəbin oyun zalının sahəsi 210 kvadratmetrdir.
Prezidentə məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir üslubda inşa olunan bu tədris binası bir növ şahmat fiqurlarına bənzədilib. Binanın girişi piyada, ətrafı top, mərkəzi hissəsi isə şah fiqurları formasındadır. Buradakı tədris otaqları məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılıb.
Qeyd edək ki, müasir havalandırma sistemilə təchiz olunmuş şahmat məktəbinin oyun zalında ulu öndər Heydər Əliyev, prezident İlham Əliyevin şahmata və şahmatçılara diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılıb. Zalda eyni vaxtda 140 şagird şahmat oynaya bilər. Burada oyunların canlı izlənilməsi üçün xüsusi monitor quraşdırılıb.
Bildirilib ki, Ucar şahmatçıları Azərbaycan şahmatının inkişafına töhfələrini verirlər. Yeni şahmat məktəbi ucarlı şahmatçıların daha böyük nailiyyətlər əldə etmələrinə imkan yaradacaq. Dövlət başçısı şahmat üzrə Avropa çempionu, bu ilin aprelində Polşada keçirilən dünya çempionatında 14 yaşlılar arasında ən yüksək nəticə göstərərək dünya çempionu adını qazanan ucarlı Xatın Bağırova ilə görüşüb.
Qeyd edək ki, sonda prezident İlham Əliyev məktəbin kollektivinə uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB