“Azərbaycan” kinoteatrı bağlanmayacaq

“Azərbaycan” kinoteatrı bağlanmayacaq

Bir necə gündür, şəhərin mərkəzi hissəsində yerləşən "Azərbaycan" kinoteatrının bağlanması ilə bağlı müxtəlif məlumatlar dolaşır. Kinoteatr rəhbərliyinin SİA-ya verdiyi məlumatda isə bunun həqiqətə uyğun olmadığı bildirildi: "Bu xəbər kinoteatrın rəsmi saytında kinoteatra məxsus avadanlıqların satılması ilə bağlı yerləşdirilən məlumatdan sonra yayıldı. Əslində isə "Azərbaycan" kinoteatrının gələcək taleyi ilə bağlı rəsmi məlumat yoxdur. Ona görə də, kinoteatrın bağlanacağını demək düzgün deyil. Hələlik kinoteatr təmirə dayandırılıb. Təmirdən sonra yeni və müasir avadanlıqlarla təmin olunması və yenidən fəaliyyətə başlayacağı nəzərdə tutulub. Köhnə avadanlıqların satılmasında da məqsəd, onları yenisi ilə əvəz etməkdir". Kinoteatrın gələcək taleyi ilə bağlı suallarımızı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə də ünvanlandıq. Qurumdan bildirildi ki, "Azərbaycan kinoteatrı" müvafiq qanunvericiliyə görə, hələ 2006-cı ildən acıq özəlləşdirilməyə çıxarılıb. Özəlləşdiriləndən sonra kinoteatra əvvəlki profilinə uyğun və daha müasir üslubda fəaliyyətini davam etdirəcək. Onun bağlanması ilə bağlı məlumatlar reallığı əks etdirmir.


Bütün xəbərlər Facebook səhifəmizdə