Zəngilan rayonunun işğalından 18 il ötür

Zəngilan rayonunun işğalından 18 il ötür

Zəngilanın rayonunun işğalından 18 il ötür. Rayon 1993-cü il 29 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Yüzlərcə şəhid verən bu rayonun işğal edilməsindən bir müddət əvvəl bütün hərbi texnika ərazini tərk edib. Bundan sonra rayonun müdafiəsi özünümüdafiə dəstələrinin ümidinə qalıb. Ancaq özünümüdafiə dəstələri də erməni silahlı birləşmələrinin hücumlarının qarşısını ala bilməyib. Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə alınan rayonun əhalisi Araz çayından İran ərazisinə keçməklə düşməndən xilas olub. Bundan sonra erməni tankları dörd tərəfdən rayona hücuma keçiblər.

Şahidlərin dediyinə görə, əgər zəngilanlılar rayonda bir az da yubansaydılar, ikinci Xocalı faciəsi təkrarlana bilərdi. Zəngilan birinci Qarabağ savaşında 188 şəhid verib. Bu günədək rayonun 44 sakini itkin düşüb. Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan Ermənistan və İranla həmsərhəddir.

1 şəhər, 1 qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Rayonun coğrafi mövqeyi çox əlverişlidir. Belə ki, o, Bakı - Culfa - Naxçıvan dəmir yolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat kilometr olan Zəngilan işğal ediləndə əhalisi 35,6 min nəfər olub. Hazırda zəngilanlı məcburi köçkünlərin sayı 33 min nəfərdir. Rayon ərazisinin əsas hissəsi dağlardan və çaylardan ibarətdir. Rayon qızıl, tikinti daşları və əhəng kimi faydalı qazıntılara malikdir. Dünya saylı olan çinar meşələrindən biri də bu rayonda yerləşir. Zəngilan rayonu eyniadlı şəhərdən, Mincivan qəsəbəsindən və 81 kənddən ibarətdir. Rayonda 14 tibb müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 50 kitabxana olub. Zəngilanın iqtisadiyyatını əsasən kənd təsərrüfatı - üzükçülük, tütünçülük və heyvandarlıq təşkil edir. 1988-ci ildə Zəngilan 1,1 min ton tütün, 16,3 min ton üzüm və 4,6 ton taxıl istehsal edib. Bir heyvandarlıq rayonu olaraq Zəngilanda 1989-cu ilin məlumatına görə, 18 min baş iri, 94,9 min baş xırdabuynuzlu mal-qara olub. Həmin il 519 ton ət, 3063 ton süd, 20 ton yun istehsal edilib. İşğaldan sonra Bakı - Mincivan - Qafan dəmir yolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı - Naxçıvan - Şirvan dəmir yolu xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü \"Şəhri Şirafan\" adı ilə tanınan orta əsr şəhərinin xarabalığıdır. İşğaldan sonra Bakı - Mincivan - Qafan dəmir yolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb.


SİA-nın məlumatına görə, Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min kub metr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min kub metr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min kub metr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min kub metr olan Zəngilan qum-çınqıl qarışığı yataqları var.

Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan 1 ədəd şərq çinarı, həmin qəsəbədə diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunub. Rayonda 107 hektar sahəsi olan Avropada yeganə Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yessentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var. Zəngilan böyük ekoloji terrora məruz qalmış ərazidir. Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq (2,1 min kub/gün) təmizlənmədən Araz çayının sol qolu olan Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini "ölü zonaya" çevirib, nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora və fauna məhv olub, çayın öz-özünü təmizləmə prosesi dayanıb.

Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və s. qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınıb. İşğal dövründə ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədiblər. Meşə Təsərrüfatı İdarəsinin inzibati binası yandırılıb, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar, şam ağacları tamamilə qırılıb. Daşbaşı və Leşkar meşələrində də ermənilər yanğın törədib, meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da ermənilər tərəfindən qırılıb daşınıb. Ermənilər tərəfindən tikinti və mebel sənayesinə yararlı çox qiymətli ağaclar kütləvi şəkildə kəsilərək Ermənistana və xarici ölkələrə satılır. İşğal altında olan ərazilərdə narkotik vasitələr becərilir, davamlı olaraq yanğınlar törədilir.


Bütün xəbərlər Facebook səhifəmizdə