Beynəlxalq hesabatda son sıralardayıq

Beynəlxalq hesabatda son sıralardayıq
BMT-nin Cenevrə ofisinin yaydığı \"Silahlı zorakılıqların qlobal nəticələri\" adlı hesabatda bildirilir ki, il ərzində 369 min nəfər, o cümlədən 66 min qadın qəsdən törədilən qətllərin qurbanı olur. Zorakı ölümlərin dörddə biri hər 100 min nəfərə düşən cinayət hallarının sayının 30-dan yuxarı olduğu 14 ölkənin payına düşür. Azərbaycan bu statistika üzrə ən az ölümlərin yaşandığı ölkələrdəndir. Azərbaycanda hər 100 min nəfərə düşən zorakı ölüm hallarının sayı cəmi 3-dür.


Hesabatda ölkəmizin adı son sıralarda olsa da, təəssüflə də olsa deyək ki, hər gün oğlun anasını, bacısını, atasını, ərin həyat yoldaşını, qardaşın qardaşı və ya bacını, gəlinin qayınanasını və ya qayınananın gəlini öldürməsi kimi dəhşətli hadisələr eşidirik. Ailə dramları, zorakılıq kimi hadisələrin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının qanunu də qüvvədədir. Bu qanun məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.


Zorakılığın qurbanları daha çox qadınlardır


Araşdırmalar göstərir ki, ailə-məişət zorakılığının qurbanlarının böyük əksəriyyəti qadınlardır. Ekspertlər hesab edir ki, dünyada 60 milyon qız uşağının doğulmadan məhv edilməsi qadınlara qarşı zorakılığın ilkin mərhələsidir. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə deyir ki, Azərbaycanda da hər il yaşı 19-48 arası olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir. Hər 4 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Döyülən qadınların 45 faizi hamilə və azyaşlı uşağı olan analardır. 73 faiz qadın zorakılığa həyat yoldaşı və qeyri-rəsmi nikahda olduqları kişilər tərəfindən məruz qalır. Ümumilikdə isə hər il 4 minə yaxın qadın vəhşicəsinə döyülür, mindən çox qadın isə gündəlik zərbələrə məruz qalır".


M. Əzizova deyir ki, bizdə zorakılığın səbəblərindən biri də, mentalitet məsələləri ilə bağlıdır: "Kişilərin çoxu hesab edir ki, qadın döyülürsə, deməli, buna layiq nə isə edib. Ailə zorakılığı əksər hallarda digər bir kəsin idarə olunması və onun üzərində hökm sürmək üçün tətbiq edilir. Qadınların inkişaf tempinin yüksəlməsi də kişilərdə qıcıq yaradır. Qadın itaət etməyəndə kişi ailədə başçı, idarəçi funksiyasının itirildiyini zənn edir və bu da zorakılıq hallarının baş verməsinə şərait yaradır. Sevindirici haldır ki, beynəlxalq hesabatda Azərbaycanın adı son sıralardadır. Son illər qəbul edilən qanunvericilik də, zorakılıq hallarının qarşısını almağa yardım edib. İndiyə kimi belə bir qanunun olmaması cinayətin artmasına səbəb olurdu. Məsələn, cinayət törədən qadınlarla söhbət etdikdə onlar bildirirlər ki, ərləri tərəfindən döyülüb, təhqir edildikləri barədə polisə müraciət edəndə ələ salınır və ya şikayətlərinə məhəl qoyulmurdu. Nəticəsində cinayətə əl atmağa məcbur olurdular. Ancaq problem qanunla tənzimlənməsi cinayət hadisələrinin qarşısı alıb\".



Qanunun tələblərini pozan şəxslər cəzalandırılır


Ailə, Qadın və Uşaq problemləri Komitəsindən bildirildi ki, mövcud qanunvericiliyə görə, qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılmasına xidmət edir: Hər bir ölkə vətəndaşının Azərbaycan Respublikasının Konstitusiyasında və qanunvericiliyində nəzərdə tutulmuş əsas insan hüquq və azadlıqları təmin edilməlidir. Qanunun tələblərini pozan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə