Şirvanda 9 ayın yekunları müzakirə olunub - FOTO

Şirvanda 9 ayın yekunları müzakirə olunub - FOTO

Şirvan şəhərində 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunları müzakirə olunub. SİA-nın Aran bürosunun məlumatına görə, İcra Hakimiyyətində keçirilən müşavirədə icra başçısı Mərdan Camalov respublikamızın iqtisadi, sosial, mədəni, siyasi, elmi həyatında baş verən dəyişiklikdən, əldə olunan nəticələrdən danışıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində dinamik inkişafın olduğunu qeyd edən icra başçısı statistik rəqəmlərə söykənən faktları dilə gətirib. M.Camalov Şirvan şəhərində 2011-ci ilin 9 ayı ərzində görülmüş işlərin nəticəsində əldə olunan nailiyyətlərdən və göstəricilərdən danışaraq bildirib ki, şəhər üzrə iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin həcmi 267 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% çoxdur. Sənaye sahələrində məhsulun 29,3% dövlət, 70,7 % isə qeyri-dövlət sektorunda istehsal edilib. Şirvan şəhərində istehsal olunan sənaye məhsulunun həcmi keçən ilin müvafiq dövrünə nisbətən 19,8% artaraq 100,7% təşkil edib. Bu da respublika üzrə olan 102,6%-lik göstəricidən cəmi 2% azdır. Qeyri-dövlət sektorunda respublika üzrə istehsal olunan məhsulun həcmi 80,1% təşkil etdiyi halda, Şirvan şəhəri üzrə bu göstərici keçən ilin müvafiq dövrünə nisbətən 0,3 artaraq 71% təşkil edib. Hesabat dövründə şəhərdə 295 min ton neft, 13 milyon m3 təbii qaz və 1,9 milyard kvt/saat elektrik enerjisi istehsal edilib.

Cari ilin 9 ayında tikinti müəssisələri tərəfindən 13 milyon manat həcmində tikinti-quraşdırma işləri görülüb ki, bu da ötən illə müqayisədə 2 dəfədən çoxdur. Əhalinin şəxsi vəsaiti hesabına görülən tikinti işlərinin həcmi 2 milyon manat həcmində olub. Sahibkarlığın inkişaf etdirilməsi məqsədilə əlverişli və səmərəli biznes mühitinin yaradılması istiqamətində bir sıra işlər həyata keçirilib. Belə ki, bank və bank olmayan kredit təşkilatları tərəfindən sahibkarlara 15 milyon manat həcmində kreditlər verilib, eyni zamanda 9 nəfər gəncə isə 235 min manat həcmində ipoteka krediti ödənilib.

2011-ci ilin 9 ayı ərzində büdcəyə yerli gəlirlər üzrə 5,8 milyon manat proqnoza qarşı 8,0 milyon manat həcmində vəsait mədaxil edilib ki, bu da nəzərdə tutulmuş proqnozdan 2,2 milyon manat çoxdur. Büdcə xərcləri 10,4 milyon manat xərc proqnozu 9,7 milyon manat və yaxud 93,5% həcmində icra edilib.Müşavirədə qarşıda duran vəzifələr yol verilmiş nöqsanlar geniş müzakirə olunub. Şəhər rəhbərliyi əlaqədar qurumlara müvafiq tapşırıqlar verib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə