“Mavi qətliyam” mövsümü yaxınlaşır ARAŞDIRMA

“Mavi qətliyam” mövsümü yaxınlaşır ARAŞDIRMA

Hər il dəm qazından zəhərlənmələr və ölüm halları baş verir. Bir çoxu bunun günahını aidiyyəti qurumlarda axtardığı halda, qarşı tərəf əhalini ehtiyatsızlıqda suçlayır. Nəticədə qaz zəhərlənmə hadisələri hər il onlarla insanın həyatına son qoyur.


Soyuqların düşməsi ilə əlaqədar artıq qazdan istifadə artıb. Bununla da ilk bədbəxt hadisə qeydə alındı. Sumqayıt şəhər 8-ci mikrorayondakı hündürmərtəbəli binada yaşayan Füzuli rayon sakini dəm qazından zəhərlənib. Sumqayıtda yaşayan Xaçmaz rayon sakinləri Yaşar Mənsimov və Ədalət Muradov da dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Hamam otağının qapısında dəmir və ya taxtadan tor olmalıdır



Problemin səbəbi kimi isə əsasən əhalinin qeyri-standart cihazlardan istifadəsi göstərilir. Əlaqəli qurumlar hər il İran, Çin sobalarından istifadə etməməyi məsləhət görsə də, hələ də evlərdə bu cür sobalardan istifadə olunmaqdadır.


Memar Emil Axundov isə hesab edir ki, zəhərlənmələrin əsas səbəbi tüstü bacalarının düzgün quraşdırılmamağıdır:

"Bakı küləklər şəhəri olduğu üçün tüstü bacaları düzgün quraşdırılmayanda külək tüstünü evə doldurur. Dəm qazından zəhərlənmələr ən çox hamamxanalarda baş verir. Son illər vanna otaqlarını təmir etdirən zaman qapıları plastik qapılarla əvəz olunur. Bu qapılar isə çöldən havanı içəri buraxmadığı üçün boğulma hadisələrinin sayı artıb. Bir kubmetr qazın yanması üçün 9,5 kubmetr hava olmalıdır. Hava çatışmazlığı olan zaman tüstü bacaları da yaxşı çəkmir və bu da bədbəxt hadisəyə səbəb olur. Hamamxanada qapıların aşağı hissəsində havanın içəri daxil olması üçün deşiklər olmalıdır. Ancaq əhali isə hamamxanaların isti olması üçün bu deşikləri bağlayır. Sovet dövründə isə bütün mənzillərdə hamam otaqlarının qapısının aşağı hissəsində dəmir və ya taxtadan tor olurdu. Köhnə binaların bacalarının təmizlənməsi problemi olduğu halda, yeni tikilən hündürmərtəbəli binalara da baca qoymaq yaddan çıxıb. Bu da gələcəkdə ciddi təhlükələrin olacağını qaçılmaz edir".



Statistik məlumatlara görə isə respublika ərazisində 2022 binada, 175 min 53 mənzildə baca yoxdur. Olanların isə qeyd etdiyimiz kimi təmizlənmə problemi var.


Qeyd edək ki, hələ sovet dönəmində qaz bacaları hər il qış fəsli gəlməmiş təmizlənərdi. İndi isə bu işin məsuliyyətini daşıyan Mənzil Kommunal Təsərrüfat İdarələri bunun üçün dövlət tərəfindən vəsait ayrılmadığından bacaların təmizlənmədiyini deyirlər. MKİS-dən o da bildirildi ki, bütün mənzillər özəlləşdirildiyi üçün bu iş ev sahiblərinin öz üzərinə düşür.



Qazın tərkibində heç bir problem yoxdur



"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı isə xüsusilə bina evlərində yaşayan əhalinin daha çox ehtiyatlı olmağa çağırdı: "Həyət evlərində qızdırıcı sobalardan istifadə etmək üçün şərait var. Ancaq binalarda bu qızdırıcılar həm ev sahibinin özünə, həm də ətrafdakılar üçün ciddi təhlükə yarada bilər. Ona görə də, sobaların quraşdırılması zamanı bu sahənin mütəxəssislərindən məsləhət almaq lazımdır. Satışda olan keyfiyyətsiz sobaların quraşdırmağın təhlükəli olduğunu birmənalı yanaşmaq olmaz. Bunlara riayət olunmadığı üçün hər il bədbəxt hadisələr baş verir".


Partlayış hadisələri və ya zəhərlənmələr baş verdikcə bunun səbəbini qazın tərkibi ilə bağlayanlar da olur. Bu məsələyə də aydınlıq gətirən qurumun sözçüsü bildirdi ki,

bu fikirlərin heç bir əsası yoxdur: "Mavi yanacaq" istifadəyə ötürülməzdən əvvəl tərkibi yoxlanır, analizdən keçirilir, təmizlənir. Sonra qazpaylayıcı stansiyada \"separator\" qurğusu vasitəsilə hidrogeni çökdürülür və onun istifadə üçün yararlı olması ilə bağlı sertifikat verilir. Bütün bu proseslərdən sonra \"mavi yanacaq\" əhaliyə paylanır. Qazın tərkibində hər hansı bir problemin olması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur.

Onu da deyim ki, əgər təhlükəsizlik tədbirlərinə əməl olunarsa qaz tamamilə təhlükəsizdir".


K. Eyvazlı hər il baş verən bədbəxt hadisələrin baş verməsində abunəçilərin məsuliyyətsizliyinin böyük rol oynadığını da dedi: "Dəfələrlə bildirilib ki, satışda olan bəzi qızdırıcı vasitələr istifadə üçün təhlükəlidir. Buna baxmayaraq yenə də onlardan istifadə olunur. Eyni zamanda həmin cihazların istifadə qaydalarına düzgün riayət edilmir. Məsələn onsuzda təhlükəli olan İran, Çin

sobalarından yüksək təzyiqlə istifadə edilir ki, bu da qazın tərkibində olan zərərli maddələri tam yandırmasına imkan vermir. Zəhərlənmə hadisələrinin baş verməsinin səbəblərindən biri də, bəzi evlərdə tüstü bacasının 20-30 santimetr bayıra çıxarılmasıdır. Bu zaman bacaların çəkmə qabiliyyəti aşağı olduğundan zəhərlənməyə şərait yaradır. Bəzi ərazilərdə rezin borulardan istifadə, Bakının küləkli olması, vanna otaqlarında bacanın, borularda ventilyasiya sisteminin olmaması da dəm qazından boğulma üçün zəmin yaradır. Qaz cihazı quraşdırılarkən otağın həcmi də nəzərə alınmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə