Daşkəsəndə 9 ayın sosial-iqtisadi inkişafinin yekunlari müzakirə olundu - FOTO
Bu gün Daşkəsən rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabr ayının 24-də Prezident sarayında Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlərlə bağlı ümumrayon toplantısı keçirilib. SİA-nın xəbərinə görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayon ictimaiyyət nümayəndələrinin iclasında cari ilin 9 ayında rayonda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə edib.
Natiq çıxışında qeyd edib ki, 20 ildir müstəqillik əldə edən ölkəmiz günbəgün inkişaf edir, qüdrətlənir. Bir vaxtlar taleyi tükdən asılı qalan respublikamız indi bir sıra Avropa ölkələrinə və qonşu dövlətlərə dostluq, qardaşlıq qayğısı göstərir, problemsiz həyat bəxş edir.
Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əbədiyaşar ulu öndərimiz Heydər Əliyev ideyalarına sədaqətlə, uğurla davam etdirilir. Biz xoş gələcəyə nikbinliklə, böyük qələbələrlə gedirik.
Rayon İcra Hakimiyyətinin Başçısı çıxışına davam edərək bildiri ki, 2011-ci ilin doqquz ayında Daşkəsən rayonun sosial-iqtisadi inkişafı üzrə bir çox işlər görülüb. Belə ki, ümumi məhsul buraxılışı 32712,3 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 15,6 % çoxdur. O cümlədən, göstəricilər sənaye üzrə 6,2 dəfə, kənd təsərrüfatı üzrə 1,8 %, nəqliyyat üzrə 10,7 %, rabitə üzrə 0,7 %, ictimai-iaşə xidmətləri üzrə 15,1 % çox olub.
2011-ci ilin 9 ayı ərzində sənaye müəssisələrinin işçilərin orta sayı 533 nəfər olub.
Bir işçiyə düşən orta aylıq əmək haqqı 304,8 manat təşkil edib.
Daşkəsən rayonunda əhalinin sayı 01.10.2011-ci il tarixə 271 nəfər artıb.
2011-ci ilin 9 ayı ərzində rayonda 766 aztəminatlı ailəyə (3152 ailə üzvünə) ünvanlı dövlət sosial yardımı təyin olunub.
Həmin dövrdə rayonda 115 iş yeri yaradılıb.
2011-ci ilin 9 ayı ərzində istifadə olunmuş elektrik enercisinin əhali qrupu üzrə dəyərinin ödənilməsi 98,8 % təşkil edib. Keçən ilin 9 ayında bu göstərici 85,8 % təşkil edib.
"Alunit" İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6 kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirə bilən yeni yarımstansiyanın tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Lakin təəssüf ki, sifarişçi və icraçı qurum olan "Azərenerci" ASC bu sahədə indiyədək heç bir iş görməyib. Həmin məsələnin həlli üzrə Rayon İcra Hakimiyyətinin müraciətindən sonra Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yeni yarımstansiyanın tikintisinə 1.200 min manat vəsait ayrılıb.
Qaz İstismar Sahəsi üzrə 2010-cu ilin 9 ayı ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 103,7 %, ümumi ödəmə üzrə isə 99,2 %, 2011-ci ilin 9 ayında isə bu göstəricilər 105,2 % və 98,1 % təşkil edib. 2011-ci ilin 9 ayı ərzində rayon Qaz İstismar sahəsi tərəfindən bir sıra təmir-bərpa işləri görülüb.
Daşkəsən rayon Birləşmiş Qazanxanalar və İstilik şəbəkələri sahəsi də 9 ay ərzində xidmət etdiyi sahələri istiliklə təmin edib. Şəhər, qəsəbə məktəblərinin və uşaq bağçalarının istilik sisteminin müasir tələblər səviyyəsində işləmələri üçün tədbirlər həyata keçirilir.
Məruzəçi bildirib ki, Rayon Sukanal idarəsi, 22 saylı Yol İstismar idarəsi tərəfindən də bir çox işlər görülüb.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə"nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar işlənib hazırlanaraq aidiyyəti üzrə vaxtında təqdim edilib. Həmin layihənin həyata keçirilməsi üçün aidiyyəti üzrə müvafiq işlər davam etdirilir. Bu mühüm tədbirin nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloci cəhətdən təmiz su ilə təmin olunacaqdır.
2011-ci ilin 01 fevral tarixinə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 aprel 2011-ci il tarixli Fərmanı olub.
Daşkəsən rayonunda əhali üzrə 1500 –dən artıq abonentin 192 min manat borcu silinib.
2011-ci ilin 9 ayı ərzində 22 saylı Yol İstismar idarəsi tərəfindən yolların saxlanması və təmiri üzrə 598,4 min manatlıq iş görülüb. Rayonun yollarının, körpülərinin təmiri üzrə Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə kompleks layihə təklifləri təqdim olunub.
Cari ildən ötən dövr ərzində Rayon Telekommunikasiya Qovşağı üzrə aşağıda qeyd edilən tədbirlər yerinə yetirilib.
Yuxarı Daşkəsən EATS (TELESSİS tipli) yenisi ilə (KAREL tipli) əvəz olunmuş, 32 nömrə artım edilərək 22 nömrə əhalinin istifadəsinə verilib. Telekommunikasiya qovşağında 35 ədəd yeni rabitə dirəyi basdırılmış, 2,65 km müxtəlif markalı yeni kabel xətti çəkilib.
Əhmədli, Dəstəfur və Zəylik kəndlərində olan ATS-lər rekonstruksiya edilərək 2010-cu ildə müasir tipli EATS-lərlə əvəz edilib. Yaxın gələcəkdə Telekommunikasiya qovşağı üzrə rabitə xidmətinin daha da yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni avadanlıqların tətbiqi nəzərdə tutulur.
Cari ildə Rayon Telekommunikasiya qovşağının rəhbərliyi möhkəmləndirilmiş, qovşağa yeni rəis təyin olunub.
Məruzəçi çıxışında bildirmişdir ki, rayonda kənd təsərrüfatının inkişafına da diqqət və qayğı ötən dövr ərzində xeyli artırılıb. Hal-hazırda rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsrrüfatları, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.
2011-ci ilin kənd təsərrüfatı məhsulu üçün 2276,5 hektar sahədə əkin aparılmış, bunun 1352,4 hektar kartof, 660 hektar taxıl, 264,1 hektar digər əkin sahələri təşkil edir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 5 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə kəndlərində) süni mayalama məntəqələri fəaliyyət göstərir. Gələcəkdə məntəqələrin sayının artırılması nəzərdə tutulub. Rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən təsərrüfatlara 30 baş damazlıq düyə gətirilmişdir. Həmin düyələrdən 27 baş buzov alınıb. Gələcəkdə başqa təsərrüfatlara da damazlıq düyələrin gətirilməsi üçün hazırlıq işləri görülür.
"Arıçılıq haqqında" qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2011-ci ilin 9 ayı ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilib.
2011-ci ilin avqust ayının 26-da rayonda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə Gəncə-Qazax iqtisadi rayonu üzrə "Regionlarda Sahibkarlığın İnkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.
Ümumilikdə rayonun kənd təsərrüfatının (heyvandarlıq, əkinçilik, arıçılıq) sürətli inkişafı üçün uzun müddətli, aşağı faizli kredit ayrılması üzrə geniş, irimiqyaslı tədbirlər eyni zamanda turizm və atçılığın inkişafı üzrə həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə qurumlara müraciətlər olunmuş, təkliflər irəli sürülüb.
Möhtərəm Cənab Prezidentimiz tərəfindən kənd təsərrüfatının inkişafı üzrə verdiyi tapşırıqların bundan sonra da yerinə yetirilməsi üçün bütün tədbirlər görüləcəkdir.
Cari ilin 9 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Daşkəsən rayonunun girəcəyində geniş, irimiqyaslı tikinti, quruculuq, abadlıq işləri aparılmış, yüksək səviyyəli "Bayraq Meydanı" yaradılmış və yeni park istirahət mərkəzi salınıb. Daşkəsən şəhərində "Yeni Həyat" xeyir-şər evi tikilərək istifadəyə verilib. Hazırda həmin sahə üzrə işlər davam etdirilir. Rayon əhalisi möhtərəm Prezidentimizəböyük minnətdarlıqla həmin xeyir-şər evində toy və digər mərasimlərini keçirir.
Daşkəsən şəhərinin Heydər Əliyev, İ.Qayıbov küçələrinə və "Yeni Həyat" xeyir-şər evinin ətrafına asfalt örtüyü salınıb.
Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar rayonda silsilə tədbirlər həyata keçirilib.
12 oktyabr 2011-ci il tarixdə "Yeni Həyat" xeyir-şər evində daxili imkan hesabına kimsəsiz və aztəminatlı ailələrin 100-dən artıq uşaqlarına kiçik toy (sünnət toyu) mərasimi keçirilib.
Daşkəsən rayon Baytarlıq idarəsinin inzibati binası, diaqnostika mərkəzi və Dəstəfur kəndində baytar sahəsi üçün inzibati bina tikilərək istifadəyə verilib.
Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının inzibati binasının və Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının tikintisində son tamamlama işləri görülür.
Daşkəsən şəhərində rayon Statistika idarəsinin yeni inzibati binasının tikintisinə başlanılıb.
Rayonda Hidrometoloci Stansiyanın yeni binasının tikintisi və avadanlıqlarla təmin olunması üçün təkliflərin hazırlanması məqsədilə aidiyyəti üzrə mütəxəssislər rayona dəvət olunub.
Daxili imkanlar hesabına şəhərin "Cümə" Məscidi əsaslı təmir edilib.
Xoşbulaq yaylaq klub və kitabxana, Zağalı kənd kitabxana və Quşçu kənd mədəniyyət evi və kitabxana binalarında əsaslı təmir işləri davam etdirilir. Şəhərin sel-sularının təsirindən dağılmış, sıradan çıxmış obyekt və qurğuların,müxtəlif su kanalizasiya sisteminin təmiri üzrə işlər görülür.
Şəhərin müxtəlif sahələrini əhatə edən irimiqyaslı tikinti, yenidənqurma, təmir-bərpa işlərinin aparılması üzrə mütəxəssislər tərəfindən kompleks layihə işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Hazırda bu sahə üzrə işlər davam etdirilir
2011-ci ilin 9 ayı ərzində "Daşkəsən Filizsaflaşdırma" ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni də öz fəaliyyətlərini davam etdirib.
Çovdar qızıl yatağının istismarı üzrə hazırlıq işləri görülür. Həmin işlərin sürətləndirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub. Yatağın istifadəyə verilməsi 300 nəfərdən artıq işsiz əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır.
Rayon ərazisində qranit məhsulu istehsalına başlanılması üzrə də hazırlıq işləri görülür.
Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisindəki 7 məktəb binalarını əhatə etməklə yeni məktəb binalarının tikintisi, onların əsaslı təmiri və yeni avadanlıqlarla təchiz olunmaları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciətlər olunmuş, bu sahədə müvafiq işlər aparılır.
Qaratağlar, Şahvələdli, Almalı, Qabaqtəpə kənd ümumi orta, Zəylik, Təzəkənd, Çaykənd kənd ibtidai, Yuxarı Daşkəsən qəsəbə, Güneykənd və Xoşbulaq kənd tam orta məktəb binaları, 2 və 5 nömrəli körpələr evi və uşaq bağçaları əsaslı təmir edilib.
Bayan kəndində və Daşkəsən qəsəbəsində 80 şagird yerlik yeni məktəb binalarının tikintisi üçün hazırlıq işləri görülür.
Qeyd etmək istərdim ki, Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Daşkəsən şəhər S.Vurğun adına 4 saylı tam orta və Quşçu kənd tam orta məktəbləri müasir avadanlıqlarla təmin olunmuşdur. Quşçu qəsəbəsində qəza vəziyyətində olan 6 mənzilli yaşayış binasının dam örtüyü dəyişdirilib.
Daşkəsən şəhərində çoxmərtəbəli 17 binanın dam örtüyü dəyişdirilmiş, şəhərin küçələrindəki istinad divarlarının təmir işləri isə davam etdirilir.
Rayonun ayrı-ayrı yaşayış məntəqələrində qəza vəziyyətində və təmirə ehtiyacı olan 35-dən artıq yaşayış evlərinin bərpa və təmiri üzrə layihə-smeta sənədləri hazırlanır.
Cari ildə rayon ərazisində dəfələrlə təbii fəlakətlər olmuş və təbii fəlakətlər nəticəsində yollara, elektrik, rabitə təsərrüfatlarına, sosial obyektlərə, evlərə, əhalinin əkin, biçənək sahələrinə, mal-qarasına ziyan dəyib. Rayonun daxili imkanları hesabına Fövqəladə Hallar Nazirliyinin yardımı ilə dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə bir sıra işlər görülüb.
Bu ilin keçən dövründə payız-qış mövsümünə hazırlıqla əlaqədar müxtəlif sahələrdə bir sıra tədbirlər həyata keçirilmiş və hazırda həmin işlər davam etdirilir.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə rayonda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli, 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın Tədbirlər planında Daşkəsən rayonuna aid 20 tədbir nəzərdə tutulub.
Bu tədbirlərin 2-si ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 15-i isə Daşkəsən rayonu bölmələrində nəzərdə tutulub.
Həmin tədbirlərdən 19-nun əsas icraçısı Nazirliklər və Səhmdar Cəmiyyətləri olduğuna görə nəzərdə tutulan görüləcək işlər barədə rayon İcra Hakimiyyətinə lazımi məlumatların verilməsi üçün aidiyyəti üzrə həmin Nazirliklərə və Səhmdar Cəmiyyətlərinə məktublar göndərilib.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərdən əlavə irəli sürülmüş 18 təklif aidiyyəti üzrə təqdim olunub. Bizim çox geniş layihələrimiz vardır, bizi gələcəkdə daha böyük görüləsi işlər gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB