16-cı Respublika Fənn Olimpiadasının qalibləri mükafatlandırıldı

16-cı Respublika Fənn Olimpiadasının qalibləri mükafatlandırıldı

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi və

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən keçirilən tələbələrin 16-cı Respublika Fənn Olimpiadasında qalib gələn universitet tələbələri ilə görüş keçirildi.


Universitetin rektoru Yusif Məmmədov olimpiadada qalib gələn 9 tələbəni qəbul edərək onları təbrik etdi: "Tələbələrin 16-cı Respublika Fənn Olimpiadasında Dövlət Pedaqoji Universitetinin tələbələrinin 4-cü yer tutması bizim üçün çox sevindirici haldır. Düzdür, bundan da yüksək nailiyyət əldə etmək olardı. Ancaq universitet tələbələrindən olimpiadada üç nəfərinin ikinci, iki nəfərinin üçüncü, dörd nəfərinin isə həvəsləndirici mükafata layiq görülməsi də yüksək göstəricidir. Hesab edirəm ki, tələbələrimizin əldə etdiyi qalibiyyət onların elmə olan maraqlarının təzahürüdür və bu uğuru daha da yüksəltmək üçün onlar daha çox çalışmalı, bilik səviyyələrini artırmalıdırlar. Bu günün tələbələrinin təhsil sahəsində əldə etdiyi uğurlar, onların gələcəkdə respublikamızın layiqli vətəndaşlarına, aparıcı kadrlarına çevrilməsinə imkan yaradacaq. Tələbələrin üzərində əməyi olan müəllim kollektivini, qalib tələbələri və ümumilikdə universitetin bütün kollektivini bu qələbə münasibəti ilə təbrik edirəm".


Universitetin 90 illiyi münasibəti ilə keçirilən Elmi Şurada da universitetə uğur gətirən tələbələr şura üzvlərinə təqdim olundu. Tələbələrin 16-cı Respublika Fənn Olimpiadasında göstərdikləri yüksək nəticənin universitet üçün əhəmiyyətli və fəxredici hal olduğu deyildi.


Elmi Şurada universitet rəhbərliyi tərəfindən də tələbələrin mükafatlandırılacağı bildirildi.


Qeyd edək ki, 16-cı Respublika Fənn Olimpiadasında 1- ci yerə Bakı Dövlət Universiteti, 2-ci yerə Azərbaycan Dillər Universiteti, 3-cü yerə Qafqaz Universiteti, 4-cü yerə isə Azərbaycan Dövlət Pedaqoji Universiteti layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə