Türkiyədə axtarış-xilasetmə işləri davam edir

Türkiyədə axtarış-xilasetmə işləri davam edir

Türkiyədə bazar günü günorta saatlarında meydana gələn zəlzələ fəlakətinin yaşandığı Van və Erciş mahalında axtarış-xilasetmə qrupları işlərini davam etdirir. SİA-nın xəbərinə görə, səhər saatlarından davam edən axtarış-xilasetmə işləri nəticəsində daha 5 adamın cəsədi tapılıb. Çökən binanın dağıntıları altından gələn səs, həyəcan onların yaşamı üçün əsl möcüzə idi. Türkiyə Baş Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Vəziyyətin İdarə Olunması İdarəsi Vandakı zəlzələdə dünyasını dəyişən insanlar və yaralılarla bağlı son rəqəmləri açıqlayıb.

Qeyd olunub ki, Vandakı zəlzələdə 279 insan dünyasını dəyişib, 1301 nəfərin yaralanıb, 2262 binanın isə uçduğu bildirilib. Yazılı açıqlamada Van Valiliyinin əmrinə təcili ehtiyacların ödənməsi üçün ilk mərhələdə 3 milyon lirə göndərildiyi qeyd edilib. Həmçinin 48 vilayət və 39 təşkilatdan xilasetmə, səhiyyə və təcili yardım qrupları və avadanlıqları, 13 Türk Hava Yolları, 18 hərbi və 2 özəl karqo təyyarəsi olmaqla 33 təyyarə olay yerinə gedib. Baş Nazirlik Təbii Fəlakət və Fövqəladə Vəziyyətin İdarə Olunması İdarəsinin 20 nəfərlik texniki heyəti də Vana gedib. Bundan əlavə, müxtəlif vilayətlərdən 200 texnik də bölgəyə göndərilib. 3 yük təyyarəsi ilə insan və avadanlıq daşımaq üçün Ankara-Van arasında nəqliyyat zənciri yaradılıb. Bölgəyə Qızılay tərəfindən 11 ton ağırlığında səhər yeməyi göndərilib. Məlumata görə, bölgəyə ümumilikdə 3346 xilasedici, 787 səhiyyə əməkdaşı, 16 xüsusi təlim keçmiş it, 563 iş makinası və avtomobil, 7-si hava ambulansı olmaqla 138 ambulans, 33 generator, 95 səyyar ayaqyolu, 10467 çadır, 25379 örtük, 1200 qida paketi, 10064 qida qutusu, 21 səyyar mətbəx, 2619 mətbəx dəsti, 3989 katalitik soba, 425 yuxu kombinezonu, 13 ton gündəlik yemək göndərilib.

Sonda onu da qeyd edək ki, dünya dövlətlərinin Türkiyəyə yardım etmək üçün müraciətlərinin də ardı-arası kəsilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə