Prezident İlham Əliyev Türkiyədə təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev Türkiyədə təməlqoyma mərasimində iştirak edib

Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İzmir vilayətinin Əliağa rayonu ərazisində "Petkim"-in ortaqları olan ARDNŞ və "Turcas"-in birgə inşa edəcəyi neft-kimya müəssisəsinin təməlqoyma mərasimində iştirak edib. Türkiyədə baş verən zəlzələyə görə baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verən prezident İlham Əliyev deyib ki, Van bölgəsində zəlzələ baş verməsi barədə xəbəri eşidən kimi Azərbaycan hökuməti yardım etməyi özünə borc bilib: "Hökumətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının da zəlzələ bölgəsinə yardım göstərməyə hazır olması bizi sevindirir. Biz bir millət iki dövlətik". Azərbaycan prezidenti son illərdə iki ölkə arasında əsası qoyulan böyük layihələrdən - Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz, Bakı-Tiflis-Qars dəmir yolu və s. haqda da danışıb.

Dövlət başçısı Türkiyənin "Petkim" şirkətinin özəlləşdirilməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifini qəbul etməsini də müsbət dəyərləndirib: "Biz də buraya hər zaman investisiya qoymaqdan, onu böyütməkdə çox məmnunuq. Bu gün burada neft-kimya müəssisəsinin, eləcə də Heydər Əliyev adına Texniki Peşə Məktəbinin təməlinin qoyulması bizi çox sevindirir. Biz iki böyük liderin - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin əsasını qoyduğu doğru yolla gedirik. Bu yol bizi uğurlu gələcəyə aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə