Azərbaycan Gənclərinin VI Forumu keçirilir - YENİLƏNİB-FOTOSESSİYA
Azərbaycan Gənclərinin VI Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı ilə keçirilən forum iştirakçıları öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Sonra Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub. Bundan sonra forum Heydər Əliyev Sarayında öz işini davam etdirib. Azərbaycan Gənclərinin VI Forumu öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan forumun təşkilat komitəsinin sədri, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, forum keçirilməzdən əvvəl bütün rayon və şəhərlərdə gənclərin konfransları keçirilib. Konfranslarda 5-ci forumdan keçən dövr ərzində görülmüş işlərə nəzər yetirilib, qarşıda duran məsələlər müzakirə olunub və foruma nümayəndələr seçilib. Onun sözlərinə görə, konfranslarda foruma 1601 nümayəndə seçilib və forumda hazırda 1564 nümayəndə iştirak edir. O, iştirakçılarının sayını əsas götürərək forumun səlahiyyətli olduğunu qeyd edib. İ.Bababyev, həmçinin qeyd edib ki, Forumda müxtəlif sahələrdə çalışan gənclər, yaradıcı gənclər və hərbi xidmətdə olan gənclər iştirak edir.
Daha sonra Prezident İlham Əliyevin gənclərə müraciəti oxunub. Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarına müraciətini Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov oxuyub. Müraciətdə gənclərə uğurlar diləməklə yanaşı, onların qarşısına ciddi məsələlərin həlli yönümdə mühüm vəzifələr qoyulub: "İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaqdır. Forumunuzun işinə uğurlar diləyir və hər birinizə niyyətlərinizin çin olmasını arzulayıram".
Müraciət oxunduqdan sonra, 5-ci forumdan keçən dövr ərzində həyata keçirilən işləri özündə əks etdirən, hesabat xarakterli film nümayiş etdirilib.
Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında VI forumun Azərbaycan tarixinin ən şanlı və əlamətdar bir hadisəsi ilə eyni vaxta - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etdiyini bildirib: "Əldə olunmuş nailiyyətlər sırasında gənclərlə iş və idman sahələrində dövlət siyasətinin əlaqələndirən mərkəzi idarəetmə orqanı olan Gənclər və İdman Nazirliyinin yaradılmasını xüsusi qeyd etmək istərdim". Ötən dövr ərzində bir sıra uğurlara imza atıldığını da qeyd edən nazir Azərbaycan dövlətinin inkişafı üçün görülən işlərdə gənclərin ön sıralarda olacağını da bildirib və dövlət başçısı İlham Əliyevi əmin edib ki, Azərbaycan gəncləri bundan sonra da prezidentin ətrafında birləşərək müstəqil, hüquqi, demokratik Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sosial inkişafında, ərazi bütövlüyünün qorunmasında yaxından iştirak edəcək.
Forumda Gənclər Təşkilatları milli Şurasının sədri, millət vəkili Fuad Muradov, "İrəli" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, YAP Gənclər Birliyinin Seymur Orucov və Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və digərləri də çıxış edib.
Sonra forum öz işini plenar iclaslarla davam etdirib.
Qeyd edək ki, Azərbaycan Gənclərinin ilk Forumu Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında fərman imzalayıb. Forum Azərbaycanın müasir ictimai siyasi tarixində özünəlayiq yer tutaraq dövlətin gənc nəslinin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan verib. Bu günə qədər Azərbaycan gənclərinin 5 forumu keçirilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB