Strasburqda Dağlıq Qarabağ münaqişəsi və onun xalqımıza gətirdiyi bəlalar müzakirə olunub

Strasburqda Dağlıq Qarabağ münaqişəsi və onun xalqımıza gətirdiyi bəlalar müzakirə olunub

18-21 oktyabr 2011-ci il tarixlərində Milli QHT Forumunun prezidenti Rauf Zeyni və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev Strasburqda işgüzar səfərdə olublar. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində ilk öncə Azərbaycanın Strasburqdakı fövqəladə və səlahiyyətli səfiri, Avropa Şurası yanında daimi nümayəndə Arif Məmmədovla görüş keçirilib. Görüşdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi Dağlıq Qarabağ münaqişəsi çərçivəsində görülən işlər haqqında səfir Arif Məmmədov tərəfindən geniş məlumat verilib, bu istiqamətdə QHT-lərin və eyni zamanda diaspor təşkilatlarımızın həyata keçirə biləcəyi işlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə iştirak edən MQF prezidenti Rauf Zeyni isə Azərbaycan QHT-ləri ilə Avropada fəaliyyət göstərən QHT-lər arasında əlaqələrin daha da intensivləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilməsinin vacibliyini vurğulayıb. BDM sədri İsmayıl Ağayev də öz növbəsində mərkəzin həyata keçirdiyi tədbirlər barədə, eyni zamanda Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən layihələr haqqında səfirə məlumat verib. Görüşün sonunda MQF prezidenti Rauf Zeyni və BDM sədri İsmayıl Ağayev QHT-lər haqqında kitabı və BDM-in fəaliyyətini əks etdirən materialları səfirə təqdim ediblər.

Səfərin ikinci günündə MQF prezidenti və BDM sədri Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) hakimi Xanlar Hacıyevlə görüş keçiriblər. Görüşdə xüsusi olaraq BDM tərəfindən 2009-cu ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın AİHM-də müdafiəsi istiqamətində görülən işlər haqqında geniş müzakirə aparılmışdır. BDM sədri İ.Ağayev görüşdə xüsusilə vurğulayıb ki, BDM-in vəkalətliyi ilə AİHM-ə göndərilmiş ərizələrin taleyi haqqında məlumat almaq üçün Strasburqa gəldiklərini və bundan sonra da bütövlükdə azərbaycanlı məcburi köçkünlərə Ermənistanın vurduğu maddi və mənəvi zərərlə bağlı AİHM və digər beynəlxalq təşkilatlar səviyyəsində fəaliyyətimiz davam edəcəkdir.

Səfərin sonunda Azərbaycan Evinin idarə heyətinin sədri Mustafa Alınca və idarə heyətinin üzvləri ilə birlikdə görüş keçirilib. Görüşdə M.Alınca Azərbaycan Evinin üzləşdiyi maddi sıxıntılardan danışaraq Azərbaycan dövlətinin bu məsələdə dəstək göstərməsini R.Zeyninin və İ.Ağayevin diqqətinə çatdırıb. BDM sədri görüşdə bildirib ki, Strasburq Avropanın mühüm mərkəzlərindən biri olduğuna görə, burada Azərbaycan Evinin fəaliyyətini gücləndirmək üçün lazımi tədbirlər həyata keçirilməlidir.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri


Bütün xəbərlər Facebook səhifəmizdə