Tezliklə daha 200 yeni taksi xidmətə başlayacaq

Tezliklə daha 200 yeni taksi xidmətə başlayacaq
Azərbaycana Londondan daha 200 ədəd "Tx4" markalı bənövşəyi taksilər gətirildi. Yeni taksilər yaxın günlərdə istismara veriləcək.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bununla da paytaxtda bu tip taksilərin sayı 300 - ə çatıb. İlin sonunadək bu rəqəmin 1000-ə çatdırılacağı gözlənilir. Ümumilikdə isə paytaxta 3 min "TX4" avtomobilinin gətirilməsi nəzərdə tutulub.
Yeni taksilər "Avro-4" standartlarına uyğundur və şəhər daxilində yüksək manevr etmək imkanlarına malikdir. Taksilər dayanacaqlar üzrə bölüşdürülür. Əvvəl gətirilən 100 taksi 11 dayanacaq üzrə, yeni gətirilənlər isə 35 dayanacaq üzrə bölüşdürüləcək.
Qeyd edək ki, hələlik paytaxtda 40 taksi dayanacağı var. Nəzərdə tutulub ki, paytaxt ərazisində 134 taksi dayanacağı yaradılsın. Qalan dayanacaqlar da istifadəyə verildikdən sonra şəhərin bütün ərazilərində taksi dayanacaqları olacaq. Bu sahədə aparılan islahatlardan sonra sifarişçilər taksini həmin dayanacaqlardan sifariş edə biləcəklər. Bunun üçün taksilərin üzərində xüsusi nömrələr olacaq. Sifarişçi həmin nömrəyə zəng etməklə özünün olduğu yerə yaxın olan ərazidən taksi sifariş edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə