Türkiyədə “Azərbaycan həftəsi”

Türkiyədə “Azərbaycan həftəsi”

25-28 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Türkiyənin bir sıra şəhərlərində (Trabzon, Ərzurum, Qars və İqdır) "Azərbaycan həftəsi" adı altında silsilə tədbirlər keçiriləcək. SAM-dan SİA-ya verilən məlumata görə, tədbirlər müddətində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunacaq konfrans, dəyirmi masa və görüşlərin keçirilməsi nəzərdə tutulur.

"Azərbaycan həftəsi"nin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan münasibətlərinin ekspertlər səviyyəsində müzakirəsini həyata keçirmək, türk ictimaiyyətini Azərbaycanda gedən son ictimai-siyasi proseslərlə və xüsüsilə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq, həmçinin ali təhsil ocaqları ilə daha sıx əlaqələr qurmaqdır.

Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibinə millət vəkili Fazil Mustafa, APA-nın direktoru Vüsalə Mahirqızı, Azərbaycan Diplomatik Akademiyasının müəllimi Elnur Soltanov, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndəsi Kənan Aslanlı və SAM-ın aparıcı elmi işçisi və nümayəndə heyətinin rəhbəri Cavid Vəliyev daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə