Adın nədir? Kolxoz!
Ad insan həyatının demək olar ki, yol nişanıdır. Qədim Romalılar hesab edir ki, "ad taledir". Adın taleyinə sirayət etməsi inancına hələ də qədim Misir və Hindistanlılar inanır. Hindistanda körpəyə ad qoyularkən astroloq – kahin - münəccim çağırılır və o müqəddəs kitabların köməyi ilə uşağa ən uğurlu adı seçir. Tanrıdan onun adının uğurlu olmasını diləyirlər.
Bəzi astroloqlar isə hesab edir ki, hər millət öz dilindən olan adları seçsə, uşağı daha uğurlu tale gözləyir. İnsanın ruhu ilə uyuşmayan ad onun xarakterində uçurumlar yaradır.
Qalina Blankalara, Mafiyalara, Zəlzələlər, Sərxoşlara son

İndən sonra ad seçimi zamanı daha diqqətli olmaq tələb olunacaq. Çox qəribədir ki, bu gündə bəzi valideynlər övladlarına müasir dövrlə ayaqlaşan maşınların, internet ünvanlarının, mafiya başçılarının və ya terroristlərin adlarını qoymaq istəyirlər. Bu sahədə aparılan araşdırmalar göstərib ki, son vaxtlar uşaqlara internetdəki \"nik\"lərin adlarını qoymaq istəyənlərin də sayı daha çoxdur. Məsələn övladına 777, Qalina Blanka, Mafiya, Zəlzələ, Sərxoş, Aktiv, Çip, Market, Villa kimi adları vermək istəyənlər var. Maraqlısı odur ki son dövrlərdə uşağa verilən adlar arasında familiyalar da çoxluq təşkil edir. Məsələn: Əlizadə Məmmədov, İsgəndərzadə Mustafayev və sair.
Bu problemə son qoymaq üçün ad və soyadların dəyişdirilməsi məsələsi gündəmə gəlib və problemli adlara yasaq qoyulması istiqamətində layihə hazırlanır. Yenilik qanuniləşəndən sonra övladına qeyri adi səslənən, utanc gətirən, mənfi təsir yaradan adları vermək istəyənlər üçün qadağalar tətbiq ediləcək. Birmənalı qarşılanmayan adlar vermək hələ sovet dövründən dəb olub. Həmin dövrdə Rusiya, Kolxoz, Sovxoz, Kombayn, Prikaz, Marks, Qaraj, Limon kimi adlar verilən insanlar bu adlardan hələ də əziyyət çəkirlər. Onlardan bəziləri adlarını dəyişsədə, hələ də bu adların əziyyətini çəkənlər var.

Azərbaycan Ailə Kodeksinə uyğun olaraq ad uşaqlara valideynləri tərəfindən verilir. Əgər ad qoyma zamanı fikir ayrılığı olarsa bu məsələyə əlaqəli qurumlarda baxılacaq. Artıq Nazirlər Kabinetində təkliflər planı hazırlanır.

Təkliflər planına uyğun olaraq azərbaycanlı ailələrdə övlada rus və ya digər millətə xas olan adların verilməsi də yasaqlana bilər. Ümumiyyətlə yeni təkliflər qanuniləşərsə adlar üç kateqoriyaya bölünəcək. Adi adlar, qadağa olunmuş adlar (Hitler, Stalin, Andranik) və arzu olunmayan adlar (Valeriy, Venera, Natalya). Əgər uşaqlara "qara siyahı"ya düşən adlar verilərsə problemin həlli üçün VVAQ idarələrində yaradılmış xüsusi banklara müraciət olunacaq.


Ölkədə 49 min Əli var


Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyir ki, son illər uşaqlara eyni adların verilməsi tendensiyası da artıb: "Bu adqoyma fantaziyası zəif olmasından xəbər verir. Məsələn bu gün Azər adının minlərlə insanın daşıması düzgün deyil. Hazırda ən populyar kişi adı olan Əlini ölkədə 49 min nəfər daşıyır. Sonrakı yerlərdə Elçin, Vüqar, Anar, Elnur, Samir, Vüsal, Rəşad gəlir. Qadınlar arasında isə Sevinc adı daha çox yayılıb. Günel, Leyla, Aygün, Sevda, Vüsalə, Könül, Samirə, Təranə adları da geniş yayılıb.
Yeni qanun qüvvəyə mindikdən sonra, bir cox neqativ hallara son qoyulacaq. Təhqiramiz adların uşaqlara qoyulması hallarının qarşısını alacaq. Kombayn, Kolxoz, Traktor kimi adlar lüğətdən ümumiyyətlə çıxarılacaq.
Gülüş, nifrət, ikrah doğuran adlardan da istifadə olunması yasaqlanacaq. Məsələn: Əliqayıt, Zəlzələ, Türməxanım, İşıqlan, Kələk, Məşuqə, Qarkom, Xiyar, Ördək və bu kimi adlar da \"qara siyahı\"ya daxil ediləcək\".


İlin sonuna kimi "isıqfor" fəaliyyətə başlayacaq

Onu da deyək ki, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda yaradılan komissiya ölkə vətəndaşlarının adlarının mənası araşdırılır. Yekunda adların siyahısı \"işıqfor\" mexanizmi ilə bölüşdürülərək. Azərbaycanın milli, mədəni və ideoloji dəyərlərinə xidmət edən adlar \"yaşıl siyahı\"ya (bu adları uşağa verməkdə heç bir problem olmayacaq), ikinci kateqoriya adlar \"sarı siyahı\"da olacaq ki, bura daxil olacaq adları uşağa qoymaq məsləhət görülməyəcək. Çünki bu siyahıdakılar yaxşı səslənməyən, gülüşə səbəb olan adlar olacaq. \"Qırmızı siyahı\"ya daxil olan adların istifadəsinə isə tamamilə qadağa qoyulacaq. Çünki bu siyahıya mənası alçaldıcı olan adlar daxil ediləcək. Məsələn: kimsə övladına Hitler və ya hər hansı erməni adı qoya bilməyəcək.

İlin sonuna kimi bu mexanizmin tətbiqinə başlanması gözlənilir.



Bütün xəbərlər Facebook səhifəmizdə