Türkiyədə baş vermiş zəlzələ BTC-nin ixrac əməliyyatlarına təsir etməyib
Türkiyədə baş vermiş zəlzələ Azərbaycanda hasil edilən neftin böyük hissəsinin nəql olunduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə həyta keçirilən ixrac əməliyyatlarına təsir etməyib. SİA-nın xəbərinə görə, bu barədə xəbər BP-Azerbaijan şirkətinin yaydığı məlumatda yer alıb.
Məlumatda deyilir: "Zəlzələnin episentrindən BTC-dək minimum məsafə 200 kilometr təşkil edir. Neft kəməri belə hallar üçün nəzərdə tutulmuş müxtəlif cihazlar və detektorlarla təchiz edilib ki, onlar zəlzələnin neft kəmərinin işinə və vəziyyətinə təsirini qeydə almayıb".
Qeyd edək ki, oktyabrın 23-də Bakı vaxtı ilə saat 15.41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkr, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.
Vanda isə rəsmi olaraq 217 nəfərin öldüyü təsdiqlənib, 1000-dən artıq yaralı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB