Türkiyə İsrailin yardımından imtina etdi

Türkiyə İsrailin yardımından imtina etdi

Türkiyənin Van vilayətindəki dəhşətli zəlzələdən sonra bır sıra dövlətlər rəsmi Ankaraya yardım təklifi göndərib. CNN Türk-ün yerli rəsmilərə istinadə verdiyi məlumata görə, humanitar və xilasetmə heyətindən ibarət yardım təklif etmiş ölkələrin Azərbaycan, İsrail, ABŞ, İngiltərə, Almaniya, Polşa, Macarıstan, İsveçrə və Yunanıstan olduğu bildirilir.

Yunanıstan xarici işlər naziri Stavros Lambridinis şəxsən türkiyəli həmkarı Əhməd Davudoğluna telefon zəngi edərək, ölkəsinin yardım məqsədilə əlindən gələni etməyə hazır olduğunu bildirib.

Rəsmi Tehran da oxşar müraciət edərək, yardım göndərməyə hazır olduğunu deyib. ABŞ-ın Türkiyədəki səlahiyyətli səfiri, təbii fəlakətlə bağlı yazılı bəyanat verərək, zəlzələ qurbanlarına başsağlığını ifadə edib. Səfir Fransiz Rikkiardone yardım məqsədilə əlindən gələn yardımı əsirgəməyəcəyinə söz verib.

NATO baş katibi Anders Foq Rasmussen yazılı bəyanatında Vanda çoxlu sayda insan həyatına son qoymuş və böyük dağıntılara bais olmuş zəlzələ xəbərini dərin üzüntüylə qarşıladığını ifadə edib, ehtiyac olarsa, qurumun ölkəyə yardım göndərəcəyini bildirib və ölkə rəhbərliyinə üzrxahlığını ifadə edib.

Son vaxtlar Türkiyə ilə münasibətlərin pisləşməsinə rəğmən İsrail hökuməti də Türkiyəyə hadisəylə bağlı dəstək olduğunu bildirib. İsrailin Türkiyədəki səfirliyi İsrailin xarici işlər naziri Aviqdor Liberman adından ölkə rəhbərliyinə başsağlığı məktubu yollayıb. Məktubda İsrailin Türkiyəyə hər növ yardım göndərməyə hazır olduğu bildirilir.

Ancaq Türkiyə İsrailin yardımından imtina edib. Bu barədə İsrailin müdafiə naziri Ehud Barak İsrail telekanalına müsahibəsində bildirib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Bizdə belə bir təəssürat yarandı ki, Türkiyə tərəfinə İsrailin köməyi lazım deyil. Amma əgər fikirlərini dəyişsələr və əlavə yardıma çoc ehtiyacları olsa, bizə həmişə müraciət edə bilərlər", deyə nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə