Dönər baş döndərir ARAŞDIRMA
Universitetlərindən birində təhsil alan 3 tələbə toyuq dönərindən zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Aparılan araşdırma zamanı məlum olub ki, tələbələr Nərimanov rayonu, Sabit Rəhman küçəsi 18 ünvanında yerləşən dönərxanadan toyuq dönəri alıb onunla qidalandıqdan sonra zəhərləniblər.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev toyuq dönərinin satışına hələ 2006-cı ildən qadağa qoyulduğunu və hazırda da bu qadağanın qüvvədə olduğunu deyir: "Ancaq buna baxmayaraq sahibkarları qadağaya məhəl qoymur və dönərxanalarda toyuq dönərinin satışı davam edir. Bu səbəbdən də bu cür neqativ hallar baş verir. Hazırda tələbələrin dönər aldıqları obyektin fəaliyyətinin dayandırılması istiqamətində tədbirlər görülür. Bununla yanaşı mərkəz toyuq dönəri satılan obyektlərə qarşı da nəzarəti gücləndirəcək\".


Dönərçilər ağ xalat, kolpak geyinməli, tibbi müayinədən keçməlidirlər



İ. Abdullayev bildirdi ki, toyuq dönərinin satışını realizə edən obyektlərin yoxlanılması məqsədilə xüsusi qrup yaradılıb: "Artıq toyuq dönəri satan obyektlərin yerləri müəyyənləşdirilib və həmin obyektlərin bağlanılması istiqamətində iş görülür. Aparılan tədbirlərə baxmayaraq, hələ də dönərxanalarla bağlı problemlər çoxdur. Bütün dönərçilər ağ xalat, kolpak geyinməli və mütəmadi olaraq tibbi müayinədən keçməlidirlər. Ancaq yerlərdə bu qaydalara riayət olunmur. Aparılan monitorinqlər zamanı bu kimi hallara qarşı da tədbirlər görüləcək".


Dönərcilər qadağadan bixəbərdirlər


Toyuq dönəri satışını həyata keçirən bir neçə dönərxanaya baş çəkib vəziyyəti yerindəcə öyrənməyə çalışdıq. Metronun "Sahil", "İnşaatçılar", "Elmlər Akademiyası" və s. stansiyası yaxınlığında yerləşən dönərxanalara yaxınlaşıb toyuq dönərinin olub olmadığını soruşduq.
1-2 dönərxana istisna olmaqla qalanlarının hamısında toyuq dönərinin satışı həyata keçirilir. Bu dönərlərin alıcıları isə kifayət qədərdir. Apardığımız müşahidələr zamanı demək olar ki, dönər alanların böyük əksəriyyəti toyuq dönəri istəyirdi. "Dönər satışına qadağa qoyulmasından xəbəriniz varmı" sualına dönərcilərin əksəriyyəti bundan xəbərsiz olduqlarını, bəziləri isə belə seyə əhəmiyyət vermədiklərini dedilər.
Dönərxanalarda müşahidə olunan daha neqativ hal isə bu obyektlərin əksəriyyətində antisanitariya vəziyyətinin hökm sürməsidir. Şəhərin mərkəzi hissələrində vəziyyət nisbətən qənaətbəxş olsa da, bazar və metro stansiyalarının yaxınlığında tam əksinədir.
Apardığımız müşahidələr zamanı belə qənaətə gəldik ki, zəhərlənmələrə səbəb də, dönərxanalarda hökm sürən antisanitariya vəziyyəti, ətin yaxşı bişirilməsi, dönərin hazırlanması zamanı gigiyenik qadalara əməl olunmamağıdır.



Bütün xəbərlər Facebook səhifəmizdə