Azərbaycan XİN: “İranın Azərbaycana təqdim etdiyi etiraz notası ilə bağlı məsələ araşdırılır”
Azərbaycanın Xarici İşlər Nazirliyi İranın Azərbaycana təqdim etdiyi etiraz notası ilə bağlı məsələni araşdırır. XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev SİA-ya açıqlamasında bildirib ki, bununla bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və İran-Azərbaycan sərhədindəki silahlı hadisə ilə bağlı rəsmi etiraz notası təqdim olunub.
Xatırladaq ki, oktyabrın 19-da saat 14.00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib. Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadlar çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. Açılmış atəş nəticəsində sərhəd pozucusu yaralanıb, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya təxliyə edilib. Lakin sərhəd pozucusu aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib.
Baş vermiş hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb. Azərbaycan-İran sərhədində öldürülən sərhəd pozucusunun İran İslam Respublikası Sərhəd Qoşunlarının hərbçisi, 20 yaşlı Əkbər Həsənpur olduğu məlum olub. Onun meyiti oktyabrın 20-də qarşı tərəfə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB