Bakıda XVII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçirilir

Bakıda XVII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçirilir

Bu gün Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə Bakıda XVII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("Baku Build-2011") keçirilir.

Bu il sərgidə 26 ölkədən 317 şirkət iştirak edir. Belə ki, builki sərgidə şirkətlərin sayı və sərginin ekspozisiya sahəsi ötən ilə nisbətən 20 faiz artıb. Azərbaycandan olan istehsalçı və distribütorlar isə sərgi iştirakçılarının ümumi sayının 35 faizini təşkil edir. Bununla yanaşı, sərgiyə Türkiyə, Çin, Koreya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qərbi və Şərqi Avropa ölkələrindən olan şirkətləri də qatılıb. Bu ölkələr sərgi iştirakçılarının 50 faizini, yaxın xaric və MDB məkanından olan iştirakçılar isə təxminən 15 faizini təşkil edir.

Eyni zamanda bu il sərgiyə qatılan şirkətlərin 24 faizi sözügedən tədbirə ilk dəfədir qatılır. Sərgidə fərdi stendlərlə yanaşı, 6 kollektiv ekspozisiya da təqdim olunacaq. Onların sırasında milli stendlər və birləşdirilmiş milli qruplar mövcuddur.

Tədbir çərçivəsində IX Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn ("Caspian MebelExpo-2011") , III Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma Sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları və Üzgüçülük Hovuzu (CIPS-2011) və IV Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri ("Aqua-Therm Baku-2011") sərgiləri də təşkil olunacaq.

Qeyd edək ki, sərgi Azərbaycan Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri, Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə